Allah Rəsulunun bizə mesajı
(İnsanları) Allah`a tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?! (Fussilət 33)
Bəli, biz insanları Allah`a tərəf çağırırıq. Nə üçün? Necə? Ona görə ki, bir insanın Allah`a tərəf getməsinin əksi şeytana tərəf getməsidir. Allah yaxşılıqlara, islaha, ədalətə, yardımlaşmağa və bütün gözəlliklərə çağırır.
Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! (Nəhl 90)
Şeytan isə ancaq pisliyi əmr edər, fərdin və cəmiyyətin həyatında ədavətin və günahların çoxalmasını, qadınların soyunmasını, kişilərin içki və zina bataqlığında boğulmasını, idarə edənlərin zülm etməsini, güclülərin zəifləri əzməsini, məmurların rüşvət almasını, tacirlərin ölçüdə və çəkidə aldatmasını, uşaqların öldürülməsini və bütün pislikləri əmr edər.
O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allah`a qarşı bilmədiklərinizi deməyi əmr edər. (Bəqərə, 169)
Biz nə üçün bu məsələdə fəal olmağa çalışırıq. Çünki Allah bizə bu vəzifəni yükləmişdir. Biz də onu sevə sevə icra etməyə çalışırıq.
(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allah`a iman gətirirsiniz. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır. (Əli İmran 110)
Eyni zamanda bu Allah Rəsulunun bizə bir mirasıdır.
Peyğəmbərimiz salləllahu əleyhi və səlləm buyurmuşdur: “Bir ayə belə olsa (mesajımı) məndən başqasına çatdırın.” (Buxari)
Bəs biz necə təbliğ edirik, Quranı götürür, özümüz istədiyimiz nəticələrimi çıxardırıq, yoxsa onu oxuyur, sonra isə onun anlaşılmasında Peyğəmbərin sünnətinəmi muraciət edirik? Əlbəttə ki, ikinci
Həmçinin sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik. (Bəqərə 151)
Biz Allah`a çağırarkən mücərrəd bir şəkildə hər kəsin sadəcə “Allah`a qurban olum” deyə yaşamasınamı çağırırıq? Xeyr! Biz Allah`ın din olaraq yalnız İslamı qəbul etdiyini hayqırırıq.
Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! (Əli İmran 85)
Biz çağırdığımız insanlara İslama gəldikdə maddi durumunun yaxşılaşacağınımı deyirik? Xeyr! Biz “İslama gəl, ibadət və itaətlərini Allah`a yönəlt, həyatında Peyğəmbəri nümunə al” deyə xitab edirik. Eyni zamanda iman etdikdən sonra cənnəti qazanmada çətinliklərin olacağını, bunun muqabilində sevərsək, həmd edərsək, səbr edərsək dünya və axirət və ya bəzən ancaq axirət nemətləri ilə nemətləndiriləcəyimizə inanırıq.
İnsanlar yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!) (Ənkəbut 2)
Biz insanları İslama gəlib sadəcə buddistlər və xristyanlar kimi fərdi ibadətlər edəcəklər deyəmi çağırırıq? Xeyr! Biz insanlara deyirik ki, həyatının hər sahəsində fərdi olaraq, cəmiyyət olaraq yalnız Allah`ın “hə” dediklərinə hə deyəcək, “yox” dediklərinə yox deyəcəksən.
Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə, 208)
Bizim dinimizdə Allah Rəsulu sadəcə bir ruhani lider deyil, hər şeydə ona tabe olunacaq öndərdir.
(Ya Rəsulum!) De: “Əgər siz Allah`ı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Əli İmran 31)
Elə isə dəyərli insan, gəl sən də bizə qoşul! Allah`a və onun Rəsuluna tərəf gəl. Nəfsini, şeytanı və özünü Allah`ın yerinə qoyanlar tərəfə getmə.