Skip to main content


Küfrün ikinci növü: Gizli küfr

  1. Allah ilə və ya ayələri yaxud peyğəmbəriylə istehza etmək örtülü bir küfrdür. Bu xüsusda Allah təala buyurur: “Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyerlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allah`a, Onun ayələrinə və Onun Elçisinəmi istehza edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik”. ( Tövbə 65-66)
  2. Küfrə razı olmaq gizli bir küfrdür. Bu mövzuda Allah təala belə buyurub: “Allah Kitabda sizə nazil etmişdir ki, Allah`ın ayələrinin inkar edildiyini və istehza olunduğunu eşitdiyiniz zaman, günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır”. ( Nisə 140)

Küfrə razı olmağın müxtəlif növləri vardır. Belə ki:

  1. Bir insan özünün kafir olmağına razı olarsa, kafir olar. Fərqi yoxdur, ya bunu tezliklə edəcəyinə, ya da gələcəkdə edəcəyinə qərar versin. Çünki küfrə inanmaq qəlbdəki təsdiqi yox edir. Allah təala imanda davam etməyi əmr edib və belə buyurub: “Ey iman gətirənlər! Allah`a, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin. Allah`ı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür.” (Nisə 136) Buradakı “Ey iman gətirənlər! İman edin” ifadəsi Ey iman gətirənlər! İmanınıza davam edin” deməkdir.
  2. Bir inasan öz vasitəsiylə başqasının kafir olmasına razı olarsa özü də kafir olar. Məsələn, birisinə küfrə salacaq bir sözü deməsini və ya bir əməli etməsini əmr edərsə o kafir olar. Əsl səbəbkar əmr edəndir. Əmri icra edən isə, iradəsiz deyilsə o da məsuliyyət daşıyır, iradəsi əlindən alınarsa o məsuliyyət üzərindən qalxmış olar. Bu mövzu barədə izahlar ikrah (məcburiyyət) hissəsində gələcək.
  3. Allah`ın haram etdiyi dəqiq olan bir şeyi halal görmək də gizli küfrdür. Bu Allah`ı və peyğəmbərini yalanlamaq deməkdir. Bu xüsusda Uca Allah belə buyurub: “Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” - deməyin, çünki Allah`a qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allah`a qarşı yalan uyduranlar nicat tapmazlar. İndi onlar az bir mənfəət əldə etmişlər, axirətdə isə onları ağrılı-acılı bir əzab gözləyir”. (Nəhl 116-117)

Buna görə bir insan haram olduğu xüsusunda icma edilmiş, hökmü müsəlmanlar arasında açıq bilinən və haqqında dəlil olduğu üçün haramlığında şübhə edilməyən bir haramı təvil etmədən ( yəni onu başqa bir mənada açıqlamadan ) halal görərsə kafir olar. Donuz əti yemək, zina etmək, günahsız bir insanı öldürmək və buna bənzər haramlar bu növdəndir. Əgər küfrə salan haramda bu vəsflərdən biri olmazsa hökm fərqli ola bilər. Belə ki:

  1. Haram, haqqında şübhə edilməyən bir haram olmalıdır, əgər belə bir şübhə varsa, onu halal sayan kafir olmaz.
  2. Haramı halal görən onu təvil edərək halal görməməlidir, əgər təvillə halal sayarsa küfrünə hökm verilə bilməz. Çünki xaricilər, bir qism təvilləri ələ alaraq, Əli radiyallahu anhu başda olmaqla səhabələrin bir çoxunu təkfir edib. Onlar təvillə bunu etmişdilər. Yenə Qudamə ibn Mazun və Əbu Cəndəl, təvil edərək içkini halal görmüş və onu içmişdirlər. Onlar təkfir edilməyib, sadəcə özlərinə içki içmə cəzası tədbiq edilmişdir. Bu mövzu təvil hissəsində geniş bəhs ediləcək.
  3. Adamı küfrə salan haramın, hənəfilərə görə, donuz əti kimi “Haram li aynihi (haramlığı tam özündən qaynaqlanan bir haram)” olmağı şərtdir. Belə deyilərsə küfrə salmaz. Məsələn, cümə namazının səhih olduğu bir yerdə cümə azanı oxunarkən alış-veriş etmək haram li ğayrihidir. (Özündən başqa bir səbəbdən ötrü haram olandır.) Buna halal deyən kafir olmaz.
  4. Allah`ın mərhəmətindən ümidini üzmək gizli küfrdür. Bu xüsusda Allah təala belə buyurur: “...Allah`ın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allah`ın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusuf 87)
  5. Qulun, Allah təala tərəfindən cəza verməyəcəyindən əmin olmağı gizli küfrdür. Bu xüsusda Allah təala belə buyurur: “Yoxsa onlar, Allah`ın hiyləsindən ehtiyat etmirdilərmi? Allah`ın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər”. (Əraf 99)
  6. Küfrə salan bir sözü, məcburiyyət və cəhalət olmadan və təvil etmədən, qəsdli şəkildə söyləmək küfrdür. Allah təala buyurur: “Onlar, Allah`a and içirlər ki, nalayiq sözlər deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuşlar...” (Tövbə 74)
  7. Dini bir dəlili, daşımadığı bir mənaya təvil etmək. Dini bir dəlili hər kəs tərəfindən bilinən açıq mənasını rədd edib batinilər kimi təvil edərək, onun batini mənası olduğunu söyləmək küfrdür. Məsələn, namaz mənasını verən “salat” kəliməsinin namaz qılmağı deyil, dua etməyi ifadə etdiyini iddia etmək adamı küfrə salar. Belə bir təvil məşhur (geniş yayılmış) olaraq bilinən bir mənanı rədd etmək, dolayı yolla Allah`ı və Rəsulunu yalanlamaq sayılır ki, bu da küfrdür.
  8. Qəti dəlillərdən birini qəbul etməmək küfrdür. Quran və məşhur (geniş yayılmış) sünnət kimi isbatı qəti olan dəlillərdən birisini qəbul etməmək küfrdür. Quranın bir ayəsini inkar etmək və ya rədd etmək buna misaldır.
  9. Haqqında gerçək icma ilə icma edilmiş və məşhur (geniş yayılmış) yolla sabit olub nəql edilən bir hökmü inkar etmək küfrdür. Quranın tək bir kitabda cəm olduğunu rədd etmək bu qəbildəndir. Ancaq haqqında icma edilmiş şeyin hər kəs tərəfindən məlum bir məsələ olması şərtdir. Əks halda, belə olmayan bir icmanı inkar etmək adamı kafir etməz. (İbrahim əl-Bəycuri, Şərhu`l-Bəycuri 2/126-127)
  10. İnsanı küfrə salan bir əməli etmək də küfrdür. Məsələn, müstəqil iradə ilə keşiş qurşağı bağlamaq və sair bunun kimi əməllər. Bu xüsusda Allah təala belə buyurur: “Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allah`ı inkar etsə və qəlbini küfrə açsa, Allah`ın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.” (Nəhl 106) Belə bir əməli edən şəxs, qəlbini inkara açıq tutmuş olar və dindən çıxar.
  11. Allah`ı söymək küfrdür. Bu günahı işləyən, istər ciddi olaraq etsin, istərsə də zarafatla olsun onun hökmü dəyişməyir. Bu xüsusda Allah təala buyurur: “Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyerlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinəmi istehza edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik”. (Tövbə 65-66)
  12. Peyğəmbərlik iddia etmək küfrdür. Hər kim, peyğəmbər olmadığı halda peyğəmberlik iddia edərsə və ya Muhəmməd salləllahu əleyhi və səlləmdən sonra peyğəmbər gələcəyinə inanarsa, ya da bu xəstəliyə düşən birinə inanarsa, dindən çıxar, kafir olar. Necəki Museyləmə əl-Kəzzab, Tuleyha əl-Əsədi peyğəmbərlik iddiasında idilər və qövmləri də onlara iman etmişdi. O dövrdə xəlifə Əbu Bəkir radiyallahu anhu onları mürtəd saymışdı.

Peyğəmbərlik iddia edənlər haqqında Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Qiyamət qopmadan əvvəl otuz yalançı çıxacaq. Hamısı da Allah`ın peyğəmbəri olduqlarını iddia edəcəklər”. (Əbu Davud, Məlahim 4333 ; Əhməd ibn Hənbəl 2/313)