Skip to main content


Namazın heyəətləri – 1

  1. Ehram təkbirində, rükuya gedərkən və rükudan qalxarkən əllərin qaldırılması

Buxari (705) və Müslim (390) Abdullah ibn Ömər radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Mən Peyğəmbər salləllahu əleyhi və səlləmin namaza başlayarkən təkbir gətirdiyi əsnada əllərini çiyinlərinə qədər qaldırdığını gördüm. Rükuya getmək üçün təkbir gətirdiyi zaman da eyni şeyi təkrarlayardı. Sonra o “SəmiAllah`u limən həmidə” dediyi zaman da belə edər və daha sonra “Rabbənə ləkə`l-Həmd” deyərdi. Səcdəyə getdiyi və səcdədən qalxdığı zaman isə bunu etməzdi”.

  1. Namazda sağ əlin sol əlin üzərinə qoyulması

Müslimin (401) Vail ibn Hicr radiyallahu anhudan rəvayət etdiyi hədisdə onun Peyğəmbər salləllahu əleyhi və səlləmi namaza başlayarkən əllərini qaldırdığını və daha sonra sağ əlini sol əlinin üzərinə qoyduğunu gördüyü rəvayət olunur.

  1. Təvəccüh duasının oxunması

Müslim (771) Əli ibn Əbu Talib radiyallahu anhudan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə etdiyini rəvayət etmişdir: “O namaza durarkən belə deyərdi: “Vəccəhtu vəchiyə lilləzi fətara`s-səməvəti və`l-arda hənifən və mə ənə minə`l-muşrikin, innə saləti və nusuki və məhyəyə və məməti lilləhi rabbi`l-aləmin, lə şərikə ləhu, və bizəlikə umirtu və ənə minə`l-muslimin”. (üzümü hənif olaraq səmaları və yeri yaradana tuturam, mən müşriklərdən deyiləm, şübhəsiz ki, namazım, ibadətlərim, həyatım və ölümüm aləmlərin Rəbbi – Allah üçündür, Onun şəriki yoxdur, mən bununla əmr olundum və mən müsəlmanlardanam (və ya təslim olanlardanam))

  1. İstiazə (Əuzu billəhi minə`ş-şeytani`r-racim demək)

Allah təala buyurur: “Quran oxuduğun zaman qovulmuş şeytandan Allah`a sığın” (Nəhl 98)

  1. Səssiz namazları səssiz, səsli namazları səsli qılmaq

Sübh namazında, məğribin və işanın ilk iki rükətində, cümə və bayram namazlarında, xusuf (ay tutulması) namazında, istisqa (yağış) namazında, Ramazan ayında təravih və vitr namazlarında, gecə və sübh çağı tavafdan sonra qılınan namazlarda – bu haqda geniş danışacağıq – Fatihə və ondan sonrakı surə səsli oxunmalıdır. Gecə qılınan nafilə namazlarda isə səsli namazla səssiz namaz arasında bir orta mövqe tutulur. Çünki Allah təala buyurur: “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut”. (İsra 110) Ayədə nəzərtə tutulan gecə namazlarıdır. Bundan başqa geri qalan namazların hamısında Fatihə və ondan sonrakı surə səssiz oxunar. Bunun hədislərdən bir çox dəlili var. Onlardan bəzilərini təqdim edirik:

Buxari (735) və Müslim (463) Cübeyr ibn Mutim radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Mən Allah Rəsulu salləllahu əleyhi və səlləmin məğrib namazında Tur surəsini oxuduğunu eşitdim”.

Buxari (733) və Müslim (464) Bəra ibn Əzib radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Mən Peyğəmbər salləllahu əleyhi və səlləmin işa namazında “Və`t-Tini və`z-Zeytunu” (Tin surəsi) oxuduğunu eşitdim. Mən ondan daha yaxşı səsi və oxumağı olan birini eşitməmişdim”.

Buxari (739) və Müslim (449) İbn Abbas radiyallahu anhudan cinlərin gələrək Peyğəmbər salləllahu əleyhi və səlləmin Quran oxumasına qulaq asdıqlarını rəvayət etmişlər. Hədisdə bu hadisənin Peyğəmbər salləllahu əleyhi və səlləmin səhabələri ilə sübh namazını qıldığı əsnada baş verdiyi bildirilir. Onlar Quran oxunduğunu eşitdikləri anda ona qulaq asmağa başlamışdılar.

Bu hədislər onu göstərir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm bu namazları qılarkən (Fatihə və ondan sonrakı surəni) kənardakıların eşidə biləcəyi qədər səsli oxuyardı.

Digər namazları səssiz qılmasına dair də hədislər rəvayət olunmuşdur. Buxari (713) Xabbəb radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Bir nəfər soruşdu: “Allah Rəsulu salləllahu əleyhi və səlləm zöhr və əsr namazında oxuyurdumu?” O (Xabbəb) dedi: “Bəli”. Həmin şəxs dedi: “Bəs oxuduğunu haradan bilirdiniz?” O cavab verdi: “Saqqalının tərpənməsindən”.

Buxari (738) və Müslim (397) Əbu Hüreyrə radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “O bütün namazlarda oxuyardı. Allah Rəsulu salləllahu əleyhi və səlləmin bizə eşitdirdiyini sizə eşitdirdi, bizdən gizlədiyini (səssiz oxuduğunu) də sizdən gizlədik (səssiz oxuduq).

Səhabələrin heç birindən saydığımız namazlar xaricində hansısa bir namazda (Fatihənin və ondan sonrakı surənin) səsli oxunduğuna dair heç bir rəvayət nəql olunmamışdır.

  1. Fatihədən sonra “Əmin” demək

Əbu Davud (934) Əbu Hüreyrə radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm “Ğayri`l-Məğdubi əleyhim və lə`d-Dallin” oxuduğu zaman arxasında dayananlardan birinci cərgədə olanların eşidəcəyi qədər “Əmin” deyərdi.

İbn Məcənin (853) rəvayətində isə deyilir: “O səslə (“Əmin” səsinin sədaları ilə) məscid sirkələnərdi”.

İmamın arxasında namaz qılanların da “Əmin” deməsi sünnətdir. Onlar bu sözü imamdan sonra təkrarlayırlar. Buxari (749) və Müslim (410) Əbu Hüreyrə radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “İmam “Ğayri`l-Məğdubi əleyhim və lə`d-Dallin” oxuduğu zaman siz də “Əmin” deyin. Bu zaman kimin sözü mələklərin sözü ilə üst-üstə düşərsə onun keçmiş günahları bağışlanar”. Əbu Davudun (936) rəvayətində isə deyilir: “İmam “Əmin” dediyi zaman siz də “Əmin” deyin”.

  1. Fatihədən sonra surə oxumaq

Fatihədən sonra surə oxumaq sadəcə namazların ilk iki rükətinə aiddir. Bununla bağlı bir çox hədis rəvayət olunmuşdur.

Buxari (745) və Müslimin (451) Əbu Qatədə radiyallahu anhudan rəvayət etdikləri hədisdə deyilir: “Peyğəmbər salləllahu əleyhi və səlləm (namazda) zöhr və əsr namazlarının ilk iki rükətində Fatihə və başqa bir surə oxuyardı”. Başqa bir rəvayətdə isə deyilir: “O sübh namazında da belə edərdi”. Bundan öncə səsli namazlarla bağlı nəql etdiyimiz hədislərdə də bu məsələ öz əksini tapmışdı.

İmamın arxasında namaz qılanlar isə səsli namazlarda Fatihədən başqa heç bir şey oxumurlar. Əbu Davud (823, 824), Nəsai (2/141) və başqaları Übadə ibn Samit radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Biz Allah Rəsulu salləllahu əleyhi və səlləmin arxasında sübh namazını qılırdıq. Oxumaq ona ağır gəldi. Namazdan çıxdıqdan sonra buyurdu: “Deyəsən imamınızın arxasında oxuyursunuz”. Biz “Bəli ey Allah`ın Rəsulu” deyə cavab verdik. O Buyurdu: “Fatihədən başqa heç nə oxumayın. Çünki Fatihəni oxumayanın namazı olmaz”. Başqa bir rəvayətdə isə deyilir: “Mən səsli oxuduğum zaman Fatihədən başqa Qurandan heç bir şey oxumayın”.

  1. Əyilib qalxarkən təkbir gətirmək

Buxari (752) və Müslim (392) Əbu Hüreyrədən rəvayət edirlər ki, (bir dəfə) o insanlara namaz qıldırırdı. O səcdə üçün əyilib qalxarkən təkbir gətirirdi. Namazı bitirdikdən sonra belə dedi: “Heç şübhəsiz ki, mən namaz qılmaqda Allah Rəsulu salləllahu əleyhi və səlləmə daha çox oxşayanınızam”.