Skip to main content


AŞURA ORUCU | ŞİƏ VƏ ƏHLİ-SÜNNƏ KİTABLARINDA (araşdırma)


#Aşura gününün tarixi çox qədimdir. Öncəki yazımızda bu haqda geniş məlumatları qeyd etmişdik (oxumaq üçün tıkla). Yəni, #Kərbəla faciəsi baş verməmişdən öncə də, Aşura günü var idi və bu günü müsəlmanlar daima oruc tuturdular. Günümüzdə bir çox insan isə, bu günün yalnız 680-ci ildə baş vermiş məlum faciə ilə əlamətdar olduğunu düşünürlər ki, bu da doğru deyil. Bu yanlışlara görə də, fərqli yanaşmalar və “iddialar” törəmişdir. “Bu günün matəm olduğu üçün oruc tutulmasının yanlış olduğu” iddiaları da, bu qəbildəndir və doğru deyildir. Çünki belə bir iddianın dinimizdə heç bir arqumenti yoxdur.
 
Saleh bir insanın mübarək günlərdə vəfat etməsi, onun üçün böyük bir müjdə və üstünlükdür. İmam Hüseyn’in aşura günündə şəhid olması da, Onun üstün fəzilət sahibi olmasının sübutudur. Əziz Peyğəmbərimiz (ona və ailəsinə salam olsun), Onun Əhli-beyti və səhabələri Aşura günü qılıncla baş yarmamış, sinə vurmamış, əksinə – oruc tutmuşdular. Çünki, Aşura günü Peyğəmbərimizin ﷺ dövründə də var olaraq, ‘Musa peyğəmbərin Fironun zülmündən xilas olması’ kimi əlamətdar hadisələrə görə oruc tutulurdu. 
İmam Baqir’dən rəvayət olunduğuna görə, o, belə buyurmuşdur:

”Uca Allah, Aşura günü İsrail oğulları üçün dənizi yardığı, Fironu və onun qövmünü həlak etdiyi gündür. Bu gün Musa peyğəmbər, Firona qalib gəlmişdir.” (Şeyx Tusi, Təhzib kitabı, 4/300)
 
Peyğəmbərimizin  vəfat etməsi ilə, bütün dini/şəri əmrlər Allah tərəfindən tamamlanmışdır. Yəni, din adına heç bir əlamətdar günün əlavə olunması və ya hər hansı günün -ibrətlər alınması müstəsna- Peyğəmbərimizin keçirmədiyi formada keçirmək qadağan olunmuşdur. Böyük imam – Cəfər əs-Sadiq də, Aşura orucunu tutmağı bizlərə tövsiyə etdikdə, Həzrəti Hüseyn’in məhz bu gündə şəhid olmasını bilir və bu böyük şəxsiyyəti bizdən daha çox sevirdi.. Buna görə də, dini məsələdə şüar və ehtiraslara deyil, haqqa tabe olmaq – hər bir müsəlmanın başlıca vəzifəsidir.
 
Mötəbər Əhli-Şiə kitablarında rəvayətlər
1. Həzrəti Əli demişdir: “Peyğəmbər ﷺ Aşura günü oruc tutmuşdur.” (Təhzib Əhkam 4/299; Vasail Şiə 7/337)
 
 2. Cəfər Sadiq rəvayət etmişdir: “Aşura orucu – bir ilin günahları üçün kəffarədir/bağışlanmadır.” (Təhzib Əhkam 4/300; İstibsar 2/134)
 
3. İmam Zeynul-Abidin demişdir: “Aşura gününün orucu – bir illik günahlara kəffarədir.” (Tusi, İstibsar 2/134; Hurrul-Amili, Vəsəiluş-Şiə 10/457)
 
4. Cəfər Sadiq, atasından -aleyhissalam- belə rəvayət etmişdir:
صيام يومعاشوراء كفارة سنة
”Aşura orucu bir ilin günahlarını silər.” (Təhzib əl-Əhkam 4/300; Vəsailuş-Şiə 7/337; Əl-İstibsar 2/134)
 
5. İmam Əli -əleyhissalam- demişdir:
صوموا يوم عاشوراء التاسع والعاشر احتياطاً
“Aşura gününü və ehtiyat üçün təsua’nıda (məhərrəmin doqquzuncu günü) oruc tutun…” (Mustədrək Vəsail 1/594; Cəmi Əhədis Şiə 9/475)
 
6. Həzrəti Əli demişdir: “Aşura günü oruc tutun! Çünki bu oruc, keçmiş bir ilin günahları üçün bağışlanmadır” (Təhzib Əhkam 4/299; Vasail Şiə 7/337; İstibsar 2/134).
 
 
Əhli-Sünnə kitablarındakı rəvayətlər
Peyğəmbərimiz ﷺ belə buyurmuşdur:
“Allahdan diləyirəm ki, bu günün orucu ilə keçən ilin günahlarını bağışlasın.” (Muslim, 1162)
 
Aşura günü oruc tutmağın böyük savab olması haqqında İbn Abbas belə deyir: – Allahın elçisinin , bu günün orucundan başqa daha çox üstünlük verdiyi bir oruc görmədim. Bu – Aşura günüdür. Yəni, Ramazan ayından sonra, daha çox əhəmiyyət verdiyi, daha üstün hesab etdiyi, tutulmasını daha möhkəm tapşırdığı digər bir oruc görmədim (Buxari və Muslim).
 

AŞURA ORUCU LƏĞV OLUNDUMU?

Yuxarıda qeyd olunan rəvayətlərdən anlayırıq ki, aşura orucu mötəbər şiə qaynaqlarında səhih sənədlərlə mövcuddur. Aşura orucunun qadağan edilməsi barədə gələn rəvayətlərin isə, hamısı zəif isnadlıdır. Seyyid Muhəmməd Rida Hüseyni əl-Həiri “Nəcətul-Ummə” kitabında etiraf etmişdir ki, Aşura orucunu qadağan edən hədislər zəifdir.  (Nəcətul-Ummə fi İqamət Əza alə Huseyn val-Əimmə, səh.145-148. Qum şəhəri, İran) Beləliklə, Aşura orucu barədə həm Şiə, həm də Əhli-Sünnə mənbələrində varid olmuş hədislərin hamısı səhihdir.
Məşhur əhli Şiə alimi əl-Xoi belə demişdir:
“Aşura orucunu qadağan edən rəvayətlərin hamısının sənədləri düz deyil. Əksinə, hamısı zəifdir. Bizdə bunu təqiyyəyə yozacaq (yəni, ‘qadağan edilən hədislər təqiyyə ilə deyilib’ – deməyə əsas verən) mötəbər rəvayətlər də yoxdur.” (Mustənəd əl-Urvət əl-Vusqa)
 
 
ORUC TUTMAQ – İMAM HÜSEYNİN ŞƏHİD OLMASINA SEVİNMƏK – DEMƏKDİR?
Anlamış olduq ki, Aşura günü orucunun əmr edilməsi və müstəhəb olması barədəki rəvayətlər olduqca çoxdur. Ən güclü rəyə və sağlam rəvayətlərdən çıxan nəticəyə görə, Aşura orucu müstəhəbdir.
Bu qədər rəvayətlərdən sonra heç kim deyə bilməz ki, Aşura orucunu tutanlar, İmam Hüseynin qətlinə görə sevinərək oruc tuturlar. Çox maraqlıdır, həyatınızıda heç sevindiyinə görə ac qalmağı seçən birisini görmüsünüzmü? Dünyadakı hər bir insan, sevinc əlaməti olaraq yeyib-içməyi seçməzmi? Eyni zamanda, bu “məntiq” doğru olsaydı, o zaman Əziz Peyğəmbərimiz ﷺ, Bədr döyüşündə çox sevdiyi əshabələrinin şəhid olmasıyla, bu orucu dayandırardı.
Şiə məzhəbinin ən məşhur alimlərindən olan Məclisi, demişdir:
“Allahın elçisi, Bədr döyüşü olan ili Aşura orucunu tutmuş və insanlara da tutmağı əmr etmişdir..” (Bihərul-Ənvar, 19/129)
 
Bununla yanaşı, bu “iddia” əsaslı olsaydı, O, əziz əmisi Hz. Həmzənin Şəvval ayında -iç orqanları çıxarılaraq vəhşicəsinə- şəhid edilməsindən sonra Şəvval və aşura orucunu tutmağı qadağan edərdi. Çünki o da əhli-beytdən idi və ən çox sevdiyi, dayaq kimi hiss etdiyi səhabə idi.. Lakin biz, əminliklə şahid olduq ki, Rasulullah ﷺ bu orucları dayandırmamış, əksinə müstəhəb olaraq daima tövsiyyə etmişdir.
 
İmam Hüseynin Aşura günündə şəhid olması, Onun Allah dərgahında nə qədər fəzilət sahibi olmasını göstərir. Uca Allah məhz ona Aşurada şəhid olmağı nəsib etmişdir. Bununla yanaşı, Aşura – Musa peyğəmbərin Firon üzərində qələbə çaldığı gündür.
 
Göründüyü kimi istər Şiə, istərsə də Sünni mənbələr bu məsələdə eyni anlamlı mötəbər nəqllərlə zəngindir. Biz isə, haqqa tabe olmağa çalışmalı, ixtilaf və fitnəli mübahisələrdən uzaq durmalıyıq.
Uca Allah bizləri haqq yolundan ayırmasın və Cənnətdə ‘gənclərin seyyidi’ olan İmam Hüseynlə bir yerdə olmağı nəsib etsin!
 
  
www.islamevi.az
Ayxan Yaquboğlu