Skip to main content


Şəhadət Məktəbi Olaraq Əhli-Beyt

Allah yolunda uğradığı müsibətlərə səbr edən, sinə gərən əhli-beyt bu uğurda verdiyi şəhidləri özü üçün qəm, kədər və müsibət olaraq deyil bir iftixar olaraq görmüşdür. Allah Rəsulun salləllahu əleyhi və səlləmin əmisi Həmzə ibn Əbdu`l-Muttəlib radiyallahu anhu və əmisi oğlu Cə’fər ibn Əbu Talib radiyallahu anhunin şəhadətləri qarşısında Peyğəmbər salləllahu əleyhi və səlləmin özünün və onun ev əhlinin tutduğu mövqe bütün müsəlmanlara nümunə olmalıdır. Bizlərə nümunə olması baxımından bu iki hadisəni nəql etmənin yerinə düşəcəyi qənaətindəyəm.

Utbənin qızı Hind Uhud döyüşündə şəhid olmuş Həmzə ibn Əbdülmuttəlib radiyallahu anhunun sinəsini yararaq ciyərini çıxarıb çeynəmiş və şəhidlərin kəsik qulaq və burunlarından boyunbağı düzəldib boynuna asmışdı. Peyğəmbər salləllahu əleyhi və səlləmin bibisi Safiyyə radiyallahu anhə qardaşı Həmzə radiyallahu anhunun başına gələnləri eşidəndə Uhuda gəlib cənazəsini görmək istəmişdi. Peyğəmbər salləllahu əleyhi və səlləm Zübeyr ibn Əvvam radiyallahu anhuyaAnanı qoyma qardaşının başına gətiriləni görsün” demişdi. Zübeyrin radiyallahu anhuAnacan, Peyğəmbər salləllahu əleyhi və səlləm sənin cənazəni görməyini istəmir, geri qayıtmağını istəyir” sözünə Safiyyə radiyallahu anhəNiyə geri qayıdım? Mən qardaşımın cəsədinin başına gətirilənləri eşitmişəm. O, Allah yolunda bu müsibətə uğrayıb. Biz buna razıyıq. Mən mükafatını Allah`dan umaraq inşaallah buna səbr edəcəyəm” deyə cavab vermişdi. Allah Rəsulu salləllahu əleyhi və səlləmin iznindən sonra Zübeyr radiyallahu anhu anasını öz dayısının cəsədinin yanına gətirdi. Safiyyə radiyallahu anhə qardaşı Həmzənin parçalanmış cəsədinə baxıb “İnna lillahi və inna ileyhi raciun” demişdi.

Nə Peyğəmbər salləllahu əleyhi və səlləm nə də ailəsindən heç bir kimsə Həmzə radiyallahu anhunu öldürən Vəhşi ibn Hərb adlı qaradərili köləyə lənət oxumamış, Həmzənin şəhadəti səbəbiylə xüsusi bir matəm mərasimi tərtib etməmişdi. Əksinə Peyğəmbər salləllahu əleyhi və səlləm  tutduğu işdən ötürü dərin peşmançılıq çəkən və İslamı qəbul edən Vəhşi ibn Hərbi əvf etmişdi. Hətta Utbənin qızı Hind də İslamı qəbul etdiyini söyləyərək hüzuruna gələndə Allah Rəsulu salləllahu əleyhi və səlləm onun bu bəyanını qəbul etmiş və etdiyi işdən ötürü onu cəzalandırmamışdı. Hind İslamı qəbul etdiyini söyləyəndə Peyğəmbər salləllahu əleyhi və səlləmin yanında qızı Fatimə radiyallahu anhə və bibisi Safiyyə radiyallahu anhə də vardı. Hind tutduğu bu əməldən ötürü əhli beyt tərəfindən lənətlərə və qarğışlara məruz qalmamışdı.

Allah yolunda uğradığı müsibət qarşısında müsəlmanların necə davranış göstərəcəyinə dair əhli-beytdən bir digər nümunə isə Peyğəmbər salləllahu əleyhi və səlləmin əmisi oğlu, Əli ibn Əbu Talib radiyallahu anhunun böyük qardaşı olan Cə’fər radiyallahu anhunun şəhadətidir.

Mutə döyüşündə şəhid olmuş Cə’fər ibn Əbu Talib radiyallahu anhunun dul qalmış xanımı Umeyyis qızı Əsma deyir ki: “Həmin gün çörək bişirmək üçün xəmir yoğurmuşdum, uşaqlarımı yuyundurub onlara ətir vurmuşdum. Allah Rəsulu salləllahu əleyhi və səlləm evimizə gəldi. Uşaqları gətirməyimi istədi. Peyğəmbər salləllahu əleyhi və səlləm Cə’fərin uşaqlarını öpüb qoxladıqca mübarək gözlərindən yaş süzülürdü”. Dedim ki, “Sən niyə ağlayırsan ey Allah`ın Elçisi? Yoxsa Cə’fərgildən bir xəbər var?” . Dedi ki, “Bəli, onlar bu gün şəhid oldular”. Bunu eşidəndə ağlamağa başladım. Qadınlar başıma toplaşdılar. Peyğəmbər salləllahu əleyhi və səlləm mənə “kədər səbəbiylə ağzından münasib olmayan bir söz çıxmasın” dedi və getdi. Peyğəmbər salləllahu əleyhi və səlləm müsəlmanlara Cə’fərin ailəsinə yardım üçün yemək bişirilməsini buyurdu. Ailəmiz üç gün boyunca müsəlmanların bişirdikləri yeməyi yedi, sonra bu sünnəyə çevrilmişdi”.

Bu hadisədə də biz istər Peyğəmbər salləllahu əleyhi və səlləmin, istərsə də Cə’fər radiyallahu anhunun qardaşı Əli ibn Əbu Talibin xüsusi bir yas mərasimi tərtib etdiklərinə şahid olmuruq. Yenə Qur’anın Əhzab surəsinin 21-ci ayəsində uca Allah belə buyurur: “Allahı`n Elçisi sizlərə gözəl nümunədir”. Müsəlmanlar bu gözəl nümunəyə uyaraq hicri-qəməri ilin ilk ayı olan muhərrəm ayında, bu ayın 9, 10 və 11-ci günlərini oruclu keçirərək böyük bir əcrə, səvaba nail ola bilərlər. Bu haqda istər sünni, istərsə də şiə məzhəbinə mənsub alimlərin əsərlərində rəvayətlər nəql olunmaqdadır.

Aşura günü tutulan oruc barədə şiə məzhəbinə mənsub mötəbər alimlərin kitablarındakı rəvayətlər aşağıdakılardır: Həzrəti Əli radiyallahu anhu demişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm Aşura günü oruc tutmuşdur”. (Əbu Cə’fər Muhəmməd ət-Tusi, “Təhzib-ul-Əhkam”, cild IV, səh. 299; Hürr əl-Amili, “Vəsailu`ş-Şiə”, cild VII, səh. 337).

Cə’fər əs-Sadiq rahiməhulah demişdir: “Aşura günü tutulan oruc bir ilin günahları üçün bağışlanmadır”. (Əbu Cə’fər Muhəmməd ət-Tusi, “Təhzibu`l-Əhkam”, cild IV, səh. 300; Əbu Cə’fər Muhəmməd ət-Tusi “İstibsar”, cild II, səh. 134).

Həzrəti Əli radiyallahu anhu demişdir: “Aşura günü oruc tutun, çünki bu oruc keçmiş bir ilin günahları üçün bağışlanmadır”. (“Təhzibu`l-Əhkam”, cild IV, səh. 299; “Vəsailu`ş-Şi’ə”, cild VII, səh. 337; “İstibsar”, cild II, səh. 134)

Əhli sünnə məzhəbinə mənsub alimlərin əsərlərindəki hədis rəvayətlərində Peyğəmbərimiz salləllahu əleyhi və səlləm buyurur ki: “Ramazan ayından sonra oruc üçün ən fəzilətli ay məhərrəm ayıdır”. (Müslim, Səhih, Siyam, 202)

“Aşura günü oruc tutanın bir illik günahları əvf olunar” . (Müslim, Səhih; Tirmizi, Sünən; İmam Əhməd, Müsnəd)

“Aşura günü, ondan bir gün əvvəl və bir gün də sonra oruc tutaraq yəhudilərə müxalif olun”. (İmam Əhməd, Müsnəd).

Dr. Elnur Nəsirov