Skip to main content


Zil hiccə ayının ilk 10 günü nə üçün bu qədər önəmlidir?

Artıq Zülqadə ayı başa çatır, bu gün artıq ayın 30-udur, Sabah Zülhiccənin 1-dir. Yəni qarşıda bizi Zülhiccənin 10 günü gözləyir. Əgər biz bu on gündə, sünnədə buyurulan saleh əməlləri yerinə yetirsək, bu əməllər bizim üçün ən fəzilətli əməllər sayılacaq.
Bu xüsusda imam Buxarinin rəvayət etdiyi hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - belə buyurmuşdur: “Zülhiccə ayının ilk on günündə yerinə yetirilən saleh əməllər Allah yanında ən fəzilətli əməllər sayılır.” Səhabələr soruşdular: “Bu, Allah yolunda olan cihaddan da üstündürmü?” Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: “Bəli, Allah yolunda olan cihaddan da üstündür. Yalnız canını və malını təhlükəyə ataraq cihad edib hər ikisini Allah yolunda fəda edən kimsədən başqa.”
Bu hədis, zülhiccə ayının on gününün, ilin digər günlərindən fəzilətli olduğuna dəlalət edir. Rəvayət edilir ki, Əbu Osman ən-Nəhdi rahiməhullah demişdir: “Səhabələr üç on günü uca tutardılar: ramazanın axır on gününü, zülhiccənin ilk on gününü və bir də muhərrəmin ilk on gününü.”
Zülhiccənin ilk on gününün fəzilətinin nə dərəcədə olduğunu bilmək üçün bu 10 gündə sünnəyə uyğun yerinə yetirələcək əməllərə baxmağımız kifayətdir.
1-cisi, çoxlu Quran oxumaq, Allahı zikr etmək və çoxlu təkbir gətirmək; İbn Abbas əl-Həcc surəsinin 28-ci ayəsinin təfsirində deyir ki, Uca Allah müsəlmanlara bu on gündə çoxlu zikri etməyi və təkbir gətirməyi buyurur. Yəni bu günlərdə istədiyiniz vaxt təkrar-təkraг deyirsiniz:
(( اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ، لا إِلَهَ إِلا اللَّهُ، وَاللَّهُ أَكْبَرُ، اللَّهُ أَكْبَرُ وَلِلَّهِ الْحَمْدُ ))
"Allahu Əkbər, Allahu Əkbər, Ləə İləhə illəllahu, vuAllahu Əkbər, Allahu Əkbər va lilləhil həmd"
2-cisi, sədəqə vermək, qohumlarla əlaqə saxlamaq, günahlardan tövbə etmək;
3-cüsü, bayram gününədək, yəni ilk doqquz günü oruc tutmaq;
4-cüsü, həcc və ümrə ziyarətlərini yerinə yetirmək;
5-cisi Ərəfa günü çoxlu dua etmək;
6-cısı, bayram günü camaatla birlikdə bayram namazını qılmaq və bayram sevincini yaşamaq.
7-cisi, Qurban kəsmək.
Qeyd edək ki, bu on günün içində 365 günün ən fəzilətli günü – Bayram günü, sonra da Ərəfa günü vardır. Bayram günü və ondan sonrakı gününün fəziləti barədə imam Əbu Davudun rəvayət etdiyi hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - belə buyurmuşdur: “Allah yanında günlərin ən fəzilətlisi qurban kəsilən gündür.”
Digər rəvayətdə deyilir ki: “Allah yanında günlərin ən əzəmətlisi qurban kəsilən gündür.” Hədisdən aydın başa düşülür ki, zülhiccənin 10-u ilin ən fəzilətli günüdür.
Ərəfa gününün fəzilətinə gəlincə, İmam Muslimin Səhihində rəvayət edilmiş hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - belə buyurmuşdur: “Ərəfa gününün orucu keçmiş və gələcək bir ildə olan kiçik günahları silib aparır”.
Yenə İmam Muslimin Səhihində rəvayət edilir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: “Ərəfa günü kimi elə bir gün yoxdur ki, həmin gün Allah Cəhənnəm odundan daha çox qul azad etmiş olsun. Ərəfa günü axşamüstü Uca Allah qullarına yaxınlaşır, sonra mələklərin yanında qullarının Ərəfaya toplanmasından dolayı iftixar edir və buyurur: “Onlar nə istəyirlərsə, istədiklərini onlara verəcəm.”
Hərçənd Ərəfat günü mömin adam, Allahdan çox şey istəyə bilər, lakin ən xeyirli dua Peyğəmbərin - səllallahu aleyhi və səlləm - bizə öyrətdiyi duadır. Bu xüsusda İmam Tirmizinin rəvayət etdiyi səhih hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - belə buyurmuşdur: “Ən xeyirli dua, ərəfa günü edilən duadır. Mənim və məndən əvvəlki peyğəmbərlərin dediyi ən xeyirli söz isə budur:
(( لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ))
“Lə ilahə illəlləh, vəhdəhu ləə şərikə ləh, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir/Allahdan başqa ibadətə layiq məbud yoxdur. O təkdir heç bir şəriki yoxdur. Mülk Ona məxsusdur, həmd Ona məxsusdur və O, hər şeyə qadirdir.”
Bu hədisdən aydın başa düşülür ki, peyğəmbərlərin hamısı Ərəfa günü bu zikri təkrar-təkrar deyərmişlər. Bu zikr, həmin gün deyilən ən xeyirli zikrdir.
İndi gəlin özümüzə sual verək: Bu 10 gün üçün nə hazırlamışıq? Bu 10 gün bizim üçün nə dərəcədə qiymətli və əhəmiyyətlidir?
Ramazan ayını səbirsizliklə gözlədiyimiz kimi, bu 10 günü də, səbirsizliklə gözləyirdikmi? Ramazanın gəlişinə sevindiyimiz kimi, bu 10 günün də gəlişinə sevinirikmi?
Çox qəribədir ki, il boyu, gündəlik olaraq ən azı on saat dünyəvi işlərlə, ticarət və s. ilə məşğul olub qazanc əldə etmək istəyənlər, qazanc əldə edib-etməyəcəklərini yəqin bilmədikləri halda, ən azı on saat işləyir, bəzən qazanc əldə edir, bəzən də ziyana uğrayırlar. Lakin buna rəğmən, o işləri görmək üçün əvvəlcədən tədarük görür, özü üçün plan cızır və əlindən gələni edir ki, dünya mənfəəti əldə etsin. Halbuki bu on gündə edəcəyi əməllərin müqabilində əldə edəcəyi qazanc dünya mənfəətindən qat-qat artıqdır. Lakin insanların çoxu bundan qafildir.
Allahdan istəyimiz budur ki, bu on günü ibadətlə keçirməyi – çoxlu Quran oxumağı, Allahı zikr etməyi, çoxlu təkbir gətirməyi, ilk doqquz günü oruc tutmağı, sədəqə verməyi, günahlarımıza görə tövbə etməyi, yollar açıldığı təqdirdə həcc və ümrə ziyarətlərini yerinə yetirməyi, hər gün, xüsusilə də Ərəfa günü çoxlu dua etməyi, qurban kəsib paylamağı, bayram günü camaatla birlikdə bayram namazını qılmağı və bayram sevincini yaşamağı bizə nəsib etsin.