Skip to main content


Oruc haqqinda dogru bilinən yanlışlar.



Assalamun aleykum və rahmetullahi ve barakatuhu. Əziz qardaşlarım, Ramazanın kölgəsi üzərimizə düşdü. Uca Allah hamımıza Ramazan ayını doyunca keçirməyi nəsib etsin. Ramazan dedikdə ağlımıza ilk gələn orucdur. Oruc tutmaq köhnə xalqlarda mövcud olan və bizi təqvaya aparan çox mühüm bir ibadətdir. Oruc tutmaq bizə ən yüksək əxlaqi fəzilət olan səbri öyrədən mühüm ibadətdir. Əziz bacı-qardaşlarım, orucla bağlı doğru və ya səhv hesab edilən bəzi məsələlər var. Bu məsələləri 13 maddə şəklində sizinlə bölüşmək istərdim.
1.Yanlış- Özünü xəstə hiss edənlər oruc tutmaya bilər düşüncəsidir. Əziz qardaş və bacılar, orucun həssaslığını bilən, mütəxəssis olan bir müsəlman həkim desə ki, oruc tutmayın, oruc tutsanız, xəstəliyiniz artar və ya gec sağalarsınız bu zaman həmin insan oruc tutmaya bilər. Yaxud həkim deməsə də, insan öz təcrübəsi ilə müəyyən edər. Keçən il oruc tutdum, pisləşdim, xəstəliyim artdı, bunu öz təcrübəsi ilə bilsə, bu adamlar oruc tutmaya bilər. Yəni bu mövzuda önəmli olan insanın öz təcrübəsi və ya mütəxəssis olan və orucun həssaslığını bilən müsəlman həkimin rəyidir. Əks halda oruca davam etmık lazımdır.
2.Yanlış- oruc tuta bilməyənlər dərhal fidyə verirlər. Əziz qardaş və bacılarım, əgər bir kəs xəstəliyə görə və ya səfərə görə oruc tuta bilmirsə, ayənin də göstərdiyi kimi “başqa günlərdə bu orucun qəzasını tutarlar”. Əgər insan xəstə olarsa, sonrakı günlərdə sağalar və sonrakı günlərdə oruc tutmaq imkanı olarsa, bu insanlar fidyə vermirlər və orucun qəzasını tuturlar. Amma ya qocalığa, ya da xroniki xəstəliyə görə artıq oruc tuta bilmirsə, bu adamlar fidyə verirlər. Gələcəkdə oruc tutmaq imkanı olan insanlar isə qəza edib gözləyirlər və vaxtı gəldikdə qəzasını tutarlar.
3.Yanlış- Üçüncü məsələ oruc tutmağa mütləq sahurda niyyət etmək lazımdır düşüncəsidir. Əksinə axşamdan niyyət edib yatmaq lazımdır ki, yatıb qalsanız da növbəti günün orucuna davam edə biləsiniz.
4. Orucda doğru olduğu bilinən başqa bir yanlış- azanın sonuna qədər yeyib içmək olar düşüncəsidir. Əziz qardaş və bacılar, orucun başlama vaxtı imsak vaxtı, bitmə vaxtı isə iftar vaxtıdır. Burada əsas götürəcəyimiz məqam imsak vaxtıdır. Əgər azan imsakdan əvvəl başlasa, 5 dəqiqə əvvəl başlayırsa azan bitənə qədər yeyib içmək olar. Amma bizdə azan adətən imsakla başladığı üçün azan başlayan kimi yemək-içməkdən əl çəkmək lazımdır.
5. Beşinci yanlış isə, “unudaraq yemək orucu batil edər” fikridir. Əziz qardaş və bacılar, üç cür yemək var, biri bilərəkdən yeyib-içmək. Qəsdən orucu pozulduğu üçün əvvəlcə tövbə edilməlidir sonra bunun üçün qəza orucu tutulur, ikincisi səhvən yanlışlıqla yeməkdir. Səhv deyəndə nəyi nəzərdə tuturuq? Məsələn, yuxudan oyanırsan və düşünürsən ki imsaka hələ bir saat var yedin, içdin, gördün ki imsak vaxtı çıxıb xəbərin yoxdur buna səhvən yeyib-içmək deyirlər. Buna görə də bir gün qəza tələb olunur. Üçüncüsü isə unudaraq yemək və ya içməkdir. Belə bir vəziyyətdə insan oruc tutmağa davam etməlidir orucu pozulmayıbdır qəzaya da ehtiyac yoxdur. Allah Rəsulu sallallahu əleyhi və səlləm buyurur: “Unudan yeyib-içən orucunu davam etdirsin, Allah onu qonaq etmişdir, yedizdirmişdir, içizdirmişdir”. Yeri gəlmişkən bunu da deyək, bəs gördük ki, bir adam orucunu unudub yeyib içir, bu adama xatırlatmalıyıq ya yox. Əgər zəif və gücü tükənmiş insandırsa, ona xatırlatmamalıyıq, amma gücü qüvvəti yerində biridirsə xatırlatmaq lazımdır.
6. Oruc haqqında doğru olduğu düşünülən altıncı yanlış budur ki, səhvən yeyib-içirik və deyirik ki onsuz da orucumuz pozulub, yeməyə davam edirik. Yəni gördük ki, vaxt çıxıb biz yemək içməyi bitirməmişik və ya dəstəmaz alarkən ağzımıza su alanda suyun boğaza qaçdığını görmüşük, bu zaman iradəsiz şəkildə su boğaza daxil olduğu üçün oruca davam edilir. Eynilə sahurun hələ bitmədiyini düşünərək səhvən yemək yeyən insan da oruca davam edər.
7. Yeddinci məsələ odur ki, ihtilam olmaq və ya qüsl almaq orucu pozduğu güman edilir. Əziz qardaş və bacılar, ihtilam olmaq və ya qüsl almaq oruca mane olmaz, orucu pozmaz. Gündüz yatıb oyanan, belə bir hal yaşayan adamın qüsl alması və ya çox çirkli bir işdə çalışanın düş qəbul etməyi orucu pozmaz. Lakin burada qeyd olunası məqam odur ki, ağıza su alarkən qarqara etmirik, normal vaxtlarda qarqara etmək lazımdır, oruc tutanda da qarqara etməmək lazımdır və qüslümüz də keçərlidir.
8. Səkkizinci yanlış bilinən məsələ dişləri fırçalamaq və ya misvakdan istifadə etmək orucu batil edir. Əziz qardaş və bacılar, dişləri məcunsuz fırçalamağın, yaxud misvakdan istifadə etməyin qorxusu yoxdur. Allah Rəsulu (s.ə.s.) oruc tutanda dişlərini fırçalayırdı. Lakin dişləri məcunla fırçalamanın birbaşa orucu batil etdiyini deyə bilmərik, yetərki məcunun tərkibində qidalandırıcı maddələr olmasın. Bununla belə oruc tutanlara dişlərini məcun ilə fırçalamamağı tövsiyə edirik, çünki məcunun dadı və ya məcunun özünün boğaza düşmə ehtimalı var.
9.Doqquzuncu məsələ qusmağın orucu batil etməsi düşüncəsidir. Bizim ən çox səhv etdiyimiz şeylərdən biri də budur. Əziz qardaş və bacılar insan istəmədən, qəsdli şəkildə olmadan bir ağız qussa belə orucu pozmaz. Amma könüllü, yəni əli ilə və ya başqa metodla qussa, bu halda ağız dolusu olsa orucu pozar və bir günün qəzası lazımdır. Amma ağız dolusu yox, az bir şey olsa, qəza və s. lazım deyil orucu pozulmaz.
10. Onuncu yanlış məqam budur ki, hər cür iynə orucu batil edir. Əziz qardaş və bacılar, bu məsələni çox qısa desək, qida əlavəsi olmayan müalicə və ağrı kəsici məqsədi ilə vurulan iynələr orucu pozmaz.
11. On birinci yanlış düşüncə budur ki, Qan vermək orucu batil edir. Əziz qardaş və bacılarım, qan vermək orucu batil etmir, amma əlavə qan qəbul etmək orucu pozur.
12. On ikinci məsələ, yaraya çəkilən məlhəmin orucu batil etməsi düşüncəsidir. Yaraya sürtdüyünüz məlhəm hopsa da, orucu pozmur.
13.On üçüncü məsələ, iftarın gec olması və ya sahur olmamasının daha yaxşı olduğu düşüncəsidir. Niyə? Mən daha çox oruc tuturam, sahura qalxmadan oruc tuta bilirəm deyə düşünülür. Allah Rəsulu s.a.s iftar vaxtı daxil olan kimi iftar edər və mütləq sahur da edərdi. Sahuru da son vaxta qədər uzadardı. Bunun səbəbi budur, ya Rəbb, mən aciz bir bəndəyəm, aclığa dözə bilmirəm, ona görə belə edirəm. Rəbbimiz bunu cox sevir və bizdən bunu gözləyir. Acizliyimizi etiraf etməyimizi gözləyir Uca Rəbbimiz.
Rəbbim hamımıza oruclarımızı öz istəyinə uyğun tutmağı nəsib etsin, Ramazan ayınız mübarək olsun, Rəbbim hamımıza Ramazan ayını tam sağlam və firavan keçirməyi nəsib etsin. Orucun təqva məktəbindən faydalanmağı lütf etsin Allaha əmanət olun