Skip to main content


Ramazan orucunun fəzilətləri

1. Bənzərsiz bir ibadət olması

“Ramazan ayı girdiyində göylərin qapıları açılır, Cəhənnəmin qapıları bağlanılır və şeytan zəncirə vurulur. Orucu tərk etmə, çünki onun tayı-bərabəri yoxdur.” (Müslim)

Yenə əbu Ümamə radiyallahu anhu demişdir: “Mən “Ey Allah`ın Rəsulu, mənə elə bir əməl göstər ki, (etdiyim təqdirdə) Allah məni mükafatlandırsın” dedim.  Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Sənə orucu tövsiyə edirəm, çünki onun bir bənzəri yoxdur”. (Nəsai Sıyam 43 (4, 165)

2. Nəfs və şəhvətin cilovlanması

Oruc insanın bu həyatda ölənə qədər davam edən və ən böyük cihadı sayılan nəfslə cihadın, onu nəzarətə altına almağın təməl silahıdır. Nəfs və şəhvət hissləri adəm oğlunun bu dünyada etdiyi bütün pis əməllərin başıdır. Çox insan bu iki hissin əsarətindən çıxa bilmir, əksinə həyatını bu hissləri məmnun etmək üzərinə qurur. Nəticədə hər iki dünya səadətindən məhrum olur. Neçə-neçə varlılar, hər növ nəfsi istəklərinə çatmış insanlar etiraf edir ki, artıq bütün şəhvət istəklərini “dadmış”, bundan sonra heç nəyin marağı qalmamışdır. Sonu olmayan yeni, hələ dadmadıqları istəkləri durmadan axtarır, lakin tapmaqdıqları üçün həyatdan bezmiş şəkildə ömür sürürlər.  Lakin oruc nəfsin azğınlığını cilovlayan, insanın dünya istəklərinə qarşı qalxan olacaq bir səbr dərsi keçir. O insana səbri öyrədərək, cismani ehtiyaclardan uzaqlaşdırır və ruhani ehtiyacların təmininə sövq edir. Deməli, oruc tutmaqla insan imanın yarısı sayılan səbir nemətinə çatmış olur. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Oruc səbrin yarısıdır, səbir də imanın yarısıdır” (Əbu Nuaym). 

3. Orucun günahlardan təmizləyib, onlara qarşı qalxan olması

Oruc tutmaqla insan yalnız ac və susuz qalmamalıdır. Müsəlman orucun Allah tərəfindən tam mükafatını almaq üçün gərək nalayiq sözlər danışmaqdan, qeybət etməkdən, mübahisə etməkdən, harama baxmaq, qulaq asmaq və ya haram iş görməkdən çəkinsin. Əks halda bunlar orucun fəzilətini azaldar, bəzən isə yox edə bilər. Bir hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur ki : “Oruc pərdədir. Biriniz bir gün oruc tutacaq olarsa pis söz danışmasın, bağırıb çığırmasın. Birisi ona nalayiq söz desə və ya mübahisə etsə “mən orucluyam!” desin (və ona baş qoşmasın)”.  (Əbu Davud Savm 25 (2363); Tirmizi Savm 55 (764))

Eyni zamanda böyük günahlardan sayılan yalan danışmaq da orucun Allah qatındakını dəyərini azaldar. Əbu Hüreyrə radiyallahu anhu Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Bir kimsə yalan söyləməyi və yalanla iş görməyi tərk etməzsə, o kimsənin yeməsini içməsini tərk etməsinə Allah`ın ehtiyacı yoxdur”. (Müslim Sıyam 29; İbn Macə Sıyam 21)

Bütün bunlardan çəkindikdə isə müsəlman əslində Cəhənnəm oduna salacaq əməlləri tərk etmiş olur və Ramazandan sonrakı aylarda da özünü bu günahlardan qorumağa hazırlamış olur. Deməli oruc Cəhənnəm oduna qarşı qalxana çevrilir. Ənəs radiyallahu anhudan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğu rəvayət olunmuşdur: “Atəş odunu yediyi (yandırdığı) kimi, həsəd də yaxşılıqları yeyər (yox edər). Su, atəşi söndürdüyü kimi sədəqə də pislikləri söndürər (yox eder). Namaz möminin nurudur. Oruc da Cəhənnəmdən qoruyan bir sipərdir (qalxandır)” (İbn Məcə Zühd 22, II 1408). Bu isə orucu üstün və tayı bərabəri olmayan bir ibadət olmasından xəbər verir.

4. Digər aylardan daha çox gözəl əməllər işlənilməsi

Ramazan orucunun fəziləti yalnız insanları günahlardan qorumasıyla bitmir, özüylə birgə digər ibadətlərin də çoxalmasına və sahibinin daha çox rəbbani hal almasına vəsilə olur. Əgər digər ibadətləri işlədikdə yalnız onun savabını qazanırıqsa, Ramazan orucu Quran oxuma, namaz, sədəqə, iftar vermə, zikr, qohumlarla əlaqə və s. kimi ibadətləri özüylə gətirir, insanları hər növ xeyir işləməyə sövq edir.

Allah təala buyurur:

Ramazan ayı, ona Quran endirildiyi aydır. (Bəqərə 185)   Xüsusilə müsəlman daha çox Quran oxumasıyla Rəbbini, Onun dinini daha yaxından tanımış olur.

Ənəs radiyallahu anhunun rəvayət etdiyinə görə Allah Rəsulu salləllahu əleyhi və səlləmdən soruşurlar: “....Hansı sədəqə daha üstündür?”. O buyurur: “Ramazanda verilən”. (Tirmizi Zəkat 28 (663)).

Başqa bir rəvayətdə Əbu Hüreyrə radiyallahu anhu demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Kim bir orucluya iftar verərsə, özünə onun savabı qədər savab yazılar. Üstəlik bu səbəblə oruclunun savabından heçbir əksilmə olmaz”. (Tirmizi Savm 82 (807); İbn Məcə Sıyam 45 (1746)).

5. Cənnətin Rəyyan qapısından girməyə səbəb olması

Oruc tutmaqla müsəlman Cənnətin 8 qapısından biri olan Rəyyan qapısından içəri keçməyə haqq qazanır. Səhl İbn Səd radiyallahu anhu demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Cənnətdə Rəyyan deyilən bir qapı vardır. Oradan sadəcə oruc tutanlar girəcək. Oruc tutanlar girdikdən sonra bu qapı bağlanacaq. Başqa heç kim oradan girə bilməyəcək”.  (Buxari Savm 4, Bədu`l-Xalq 9; Müslim Sıyam 166 (1152));

6. Riya təhlükəsindən qorunmuş olması

Orucun digər ibadətlərdən bir üstünlüyü də riyanın qarışmadığı bir ibadət olmasıdır.  İnsan digər ibadətlərində asanlıqla riaya girə bildiyi halda oruc ibadətində bu olmaz. Məsələn insan dindar müdirinin yanında ona xoş olsun deyə namaz qılar. Cəmiyyətin gözündə “qəhrəman” kimi görsənmək üçün zəkat və sədəqə verə bilər və ya məclisdə hörmətə layiq olmaq üçün həccə gedə bilər. Bütün bunlar əməli yox edən riya nişanəsidir. Lakin orucda bu yoxdur. Çünki oruc tutmaq əslində zahirən göstərişə səbəb olan bir əməl deyil, Allah`la qul arasında olan bir əməldir.  Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Allah təala belə buyurmuşdur: “Oruclu kimsə mənim rızam üçün yeməyini, içməyini və cinsi münasibətlərini tərk etmişdir. Oruc birbaşa Mənim üçün edilən (riya qarışmayan) bir ibadətdir. Onun mükafatını da birbaşa Mən verərəm”. (Buxari)

7. Cismani faydalar bəxş etməsi

Oruc tutmaqla müsəlmanın:

Bəsirəti açılır. Anlayış qabiliyəti artır.

Qəlb yumşalır şəfqət hissləri oyanır.

Nemətlərin qədrini dərk edir və bu nemətləri verən Rəbb`inə şükr edir.

Əsəbləri sakitləşdir, səbri və iradəsi güclənir.

Vərdiş olunmuş adətlərdən azad olur.

Ürək, mədə-bağırsaq və digər bədən orqanlarının dincəlməsinə və daha sağlam olmasına səbəb olur

İnsan kasıblara qarşı daha anlayışlı olmağa  başlıyır.

8. Cəhənnəm atəşini söndürməsi

Qiyamət günü gəldikdə və Cəhənnəm alovları yaxınlaşdıqda hətta ana belə öz övladını unudacaq və öz dərdində olacaq. Lakin Allah bizi xəbərdar edərək bu alovu söndürəcək və bizdən uzaqlaşdıracaq əməlləri açıq-aşkar bildirir. Oruc məhz əməllərin ən öndə gedənlərindəndir. Bir gün oturaraq nafilə namazı qılan Allah Rəsulu salləllahu əleyhi və səlləmi görən Əbu Hüreyrə radiyallahu anhu namazdan sonra soruşur: “Ey Allah`ın Rəsulu! Bir xəstəliyinizmi var? Namazı oturaraq qılırsınız?” Bu zaman Allah Rəsulu salləllahu əleyhi və səlləm çox təsirli bir cavab verir: “Ey Əba Hüreyrə neçə gündür ağzıma atacaq bir şey tapa bilməmişəm. Aclıq taqətimi kəsdi, ayaqda duracaq dərmanım qalmadı, ona görə namazımı oturaraq qılıram”. Əbu Hüreyrə bunu eşidən zaman ağlamağa başlayır. Allah Rəsulu salləllahu əleyhi və səlləm öz vəziyyətini unudaraq ona təsəlli verməyə başlıyır: “Ağlama Ey Əba Hüreyrə! Burada çəkilən aclıq, insanı Axirət əzabından qurtarır”.

Yenə Əbu Hüreyrə radiyallahu anhu demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Kim Allah təala yolunda bir gün oruc tutsa, Allah onunla atəş arasına, genişliyi səma ilə yer arasını tutan bir xəndək yaradar”. (Tirmizi Cihad 3 (1624)).

9. Günahların bağışlanmasına və Cənnətdə dərəcənin artmasına vəsilə olması

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur:  “Beş vaxt namaz öz arasında, Cümə namazı digər Cümə namazına qədər, Ramazan ayı digər Ramazan ayına qədər kəffarədirlər. Böyük günah işlənmədikcə aralarındakı günahları əfv etdirirlər”. (Müslim Təharət 14 (223); Tirmizi Salat 160 (214)).

Yenə Peyğəmbər salləllahu əleyhi və səlləm buyurur: “Kim Ramazan ayının orucunu inanaraq, Allah`dan savab ümid edərək və bağışlanma diləyərək tutarsa, keçmiş günahları bağışlanar”. (Tirmizi Oruc 1/678; Riyadu’s-Salihin 1216)

Bir gün Talha ibn Ubeydullah yuxusunda biri döyüşdə şəhid olmuş, digəri isə bir il sonra öz əcəliylə ölmüş iki müsəlman görür. Bunlardan öz əcəliylə ölənin daha əvvəl Cənnətə girdiyini görür, insanlara danışır və onlar da təəccüblənərək bunu Peyğəmbər salləllahu əleyhi və səlləmdən soruşurlar. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Burada təəccüblü nə var ki? İkinci şəxs birincidən sonra bir il həyatda qalmadı mı?” İnsanlar “bəli!” deyə cavab verdilər. “Və o Ramazana yetişib oruc tutmadımı? Bir il boyunca bu qədər namaz qılmadı mı?” Oradakılar yenə “bəli!” deyə cavab verdilər. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Belə olan halda ikisinin arasında mövcud olan məsafə göy ilə yer arasındakı məsafədən artıqdır!”. (Kutubi Sittə 1186. (3925) (7173).

10. Allah tərəfindən mükafatın vəd olunması

Allah oruc tutan qullarını tərifləmiş və onları mükafatlandıracağını vəd etmişdir.

Oruc tutan erkəklər ve oruc tutan qadınlar, ismətlərini qoruyan erkəklər və ismətlərini qoruyan qadınlar, Allah`ı çox zikr edən erkəkler və zikr edən qadınlar;  Allah, bunlar üçün bir məğfirət ve böyük bir mükafat hazırlamışdır (Əhzab 35).

Əbu Hüreyrə radiyallahu anhu demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Adəm oğlunun hər əməli qatlanır. Xeyir əməllər ən az on misliylə yazılır, bu yeddi yüz mislinə qədər çıxar. Allah təala bir qudsi hədisdə belə buyurmuşdur: “Oruc bu qaydadan xaricdir. Çünki o sırf Mənim üçündür, Mən də onu (arzu etdiyim kimi) mükafaatlandıracağam. Qulum mənim üçün şəhvətini, yeməyini tərk etdi. Oruclu üçün iki sevinc vardır. Biri, orucu açtığı zamanki sevincidir. Digəri də Rəbb`indən orucunun qarşılığını aldığı zamanki sevincidir. Oruclunun ağzından gələn qoxu, Allah qatında müşk qoxusundan daha xoşdur”. (Buxari Savm 2, 9Libas 78, Müslim Sıyam 164 (1151); Muvatta Sıyam 58, (1, 310), Əbu Davud Savm 25 (2363))

11. Hər gün Cəhənnəmə düşməkdən azad olma şansı
Allah Rəsulu (s.a.s). dedi:"Ramazanın ilk gecəsi gəldikdə şeytanlar və cinlərin ən şərliləri zəncirlənər. Cəhənnəmin qapıları bağlanar və onlardan heç birisi açılmaz. Cənnət qapıları açılar və onlardan heç birisi bağlanmaz. Bir carçı bağırar: Ey xeyri istəyən önə keç! Ey şərri istəyən azalt(kəs). Və Allahın hər gecə üçün azad olunmuş qulları var". Tirmizi (682) İbn Məcə (1642)

Allah təalə bizi Ramazan orucunu ən gözəl şəkildə tutanlardan, Onun rəhmətini qazananlardan etsin. Bu ayın bərəkətiylə Öz qatındakı dərəcələrimizi artırsın. Amin!

 
12. 1 il oruc savabı qazanma şansı
Ramazan orucunu tutub Şəvval ayından da altı gün tutan kimsə bütün il oruç tutmuş kimidir. (Müslim, Sıyam, 203) Yəni hər gün tutulan oruc 10 gün oruc savabına bərabərdir. 

13. Hər gün qəbul olan dualar imkanı
Bir hədisdə Allah Rəsulu s.a.s belə buyurur: “Hər oruc tutan qulun iftar vaxtında qəbul olunacaq bir duası vardır. Duasının qarşılığı mükafat olaraq ya dünyada verilər vəya axirətdə əbədi bir surəttə ehsan edilər.”[Kənzu’l-Ummal, 3:328]
 Digər bir hədis isə belədir: Ramazan günlərində zikirlə məşğul olanlar məğfirət edilər, o günlərdə Allah’dan istəyənlər də əli boş dönməzlər.” (Kənzü’l-Ummal, 8:464)