Skip to main content


Zəlzələlər və onlardan çıxarılan nəticələr

 Üzərindən uzun müddət keçməyən Türkiyə və Suriyanın bəzi ərazilərində böyük həcmdə dağıntılara və yüksək sayda insan tələfatına səbəb olan zəlzələnin hamımız şahidi olduq. Hər şeydən öncə bildirmək istərdik ki, bu zəlzələ səbəbindən əziyyət çəkmiş bütün müsəlman bacı və qardaşlarımızın sıxıntı və acılarına biz də şərikik. Orada iman üzrə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə kamil və acil şəfa diləyirik. Zəlzələnin baş vermə səbəbləri haqqında müxtəlif fikirlər səslənilsə də, biz Allaha və Axirət gününə iman gətirənlər olaraq mövqeyimiz bəllidir. Allah azzə və cəllə dünya həyatında hadisələrin vaqe olması üçün müəyyən səbəbləri vasitə edir. Səbəblərin hadisələrin baş verməsinə vəsilə olmasına izn verilib-verilməməsi isə yalnız Allahın hikmətinə bağlı olan məsələdir. Doğrudur, Allaha və ya Qədərə iman gətirməyən insanlar üçün bununla razılaşmaq kifayət qədər çətindir. Çünki müxtəlif cür suallar öz dağıdıcı şübhələri ilə onları qətiyyən rahat buraxmır. Bu şübhələrdən bəziləri zəlzələ baş vermiş ərazilərdə binaların konstruksiyasının zəif olması, o ərazilərdə tektonik ocaqların əvvəldən var olması və zəlzələnin məhz bu səbəbdən baş verməsi, dağıntılar nəticəsində günahsız körpələrin əzab və iztirabla həlak olmaları və. s - dir. Əvvəldə qeyd etdiyimiz kimi hadisələrin baş verməsi üçün uca Allah bəzən səbəbləri vasitə edir. Onun planları aciz qulların planları kimi on, iyirmi, əlli illik olmur. O, nəyin nə zaman, harada və necə baş verəcəyini əzəldən bilir və Özü hər şeyin müqəddəratını təyin eləyib. Şübhəsiz ki, O, bir ərazidə nə zamansa zəlzələ olacağına qərar veribsə və buna dair səbəbləri də binaların tikilişinə bağlı edəcəksə, bunun tədbirini binalar tikilən zaman görməsi qeyri-adi deyil. Əgər kimsə bu zəlzələ nəticəsində kütləvi sayda insan həlakının olmasını məhz konstruksiya problemi ilə əlaqələndirirsə, bəs əsrlər öncə hündürmərtəbəli binaların ümumiyyətlə olmadığı dövrlərdə baş vermiş və yüz minlərlə insanın həyatına son qoymuş zəlzələlərin səbəbini nəyə bağlayırlar? Bəs, ümumiyyətlə, zəlzələlər nəyə görə baş verir? Tektonik ocaqlar nəyə görə yaranır? Yəni sual zəncirini çox uzatmaq olar. Bütün bunlara insanın cavab tapa bilməsi qeyri mümkündür. Çox uzağa getməyə ehtiyac duymadan 1139-cu ildə Gəncə şəhərində baş vermiş zəlzələni misal göstərmək olar. Həmin zəlzələ nəticəsində 300 000 - ə yaxın insan həyatını itirmişdir. O zamanlar nə mühəndis səhvi ilə tikilmiş hündürmərtəbəli binalar, nə dırnaqarası süni zəlzələ qurğuları, nə də sosial mediada ağzına gələni uyduraraq danışıb paylaşanlar var idi. Sadəcə Allahın "Ol" deməsi kifayət etmişdir. Bu cür misalları çox çəkmək olar. Uca Allah buyurur:
هُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُۖ فَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ
"Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını is­tə­dik­də ona ancaq: “Ol”– de­yir, o da olur". (Ğafir, 68)
Digər zəhərli bir şübhə də körpə uşaqların əzabla həlak olması şübhəsidir. Əvvəlcə bunu qeyd etmək lazımdır ki, bütün nöqsanlardan münəzzəh olan Rəbbimiz heç zaman zülm edən deyildir.
"Rəb­bin heç kəsə zülm etməz!". ( Kəhf, 49)
Qüdsi bir hədisdə isə belə buyrulur:
"Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Uca Allah belə buyurur: “Ey Mənim qullarım! Mən zülm etməyi Özümə haram saydım və sizin aranızda da onu haram etdim. Elə isə bir-birinizə zülm etməyin!... ". (Muslim)
İnsanın təfəkkür dairəsi çox dardır. Həmçinin insan çox emosional varlıqdır. Hadisələrə, adətən, emosiyaları ilə yanaşmağa üstünlük verir. O, yalnız düşünə bildiyi çevrə daxilində qərar verə bilir. Sözsüz ki, o çevrə ətrafında insana naməlum qalan saysız-hesabsız məlumatlar vardır. Onların da böyük əksəriyyətini insanın öz-özünə bilməsi ümumiyyətlə mümkün olmayacaq qeybi məsələlər əhatə edir. Allahın var olduğunu inkar edənlərin Onu, eyni zamanda, zülm etməsi ilə ittiham etmələri çox absurd, məntiqsiz və şüurdan kənar bir mövqedir. Belələrinə nəyisə sübut etmək üçün sərf olunan zaman yalnız boşa getmiş zamandır. Lakin Allahın mövcud olduğunu, hər şeyin yoxdan var edənin Allah olduğuna inanıb, sonra da Ona bəzi naqis sifətləri nisbət edənlərə isə zaman sərf etməyə, ümidvarıq ki, dəyər. İslam dinindəki inanca görə Allah insanların müqəddəratını kainatı yaratmazdan 50 000 il öncə təyin etmişdir. Lakin, O, bunları əzəldən bilirdi. Burada "təyin etmək" xüsusi məna daşıyır. Kimin harada, neçə yaşında, hansı hal üzrə və necə öləcəyi əvvəldən təyin olunmuşdur. Bu müqəddərat da, şübhəsiz ki, müəyyən hikmətlərə bağlı olaraq Allah tərəfindən təyin olunub. Yəni, haşa, püşkatma prinsipi ilə heç bir şey yazılmayıb. Əgər bir həkim üç aylıq bir uşağı əməliyyat edərsə və ya ona onu incidəcək iynə vurarsa, bu səbəbdən dolayı da uşaq möhkəm ağlasa, bu halda heç kəs həmən həkimi uşağa zülm etməkdə günahlandırmaz. Aydın başa düşüləndir ki, həkimin o uşağa zülm etmək niyyəti yoxdur, əksinə ona fayda vermək üçün belə edir. Ancaq kənardan baxan kəs hadisəni ancaq gördüyü mənzərəyə uyğun dəyərləndirsə, ədalətsiz qərar vermiş olar. Allahın misalı daha ucadır. Əgər aləmlərin Rəbbi olan Allah Öz mülkündən olan bir nəfərin ölümünü bizə acınacaqlı görünən tərzdə yazıbsa, bunu Allahın ona zülm etməsi kimi dəyərləndirməmiz düzgün deyil. Çünki əvvəldə söylədiyimiz kimi biz hadisənin zahiri tərəfini görürük. Qalan hər şey bizə qeybdir. Uca Allah buyurur:
يَعۡلَمُونَ ظَٰهِرٗا مِّنَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ عَنِ ٱلۡأٓخِرَةِ هُمۡ غَٰفِلُونَ
Onlar dünya həyatının gö­rünən tə­rəfini bilir, axirətdən isə büs­bütün qa­fil­dirlər. (Rum, 7)
Bəlkə də o dağıntılar altında qalıb ölmüş uşaq sağ qalıb on yaşında ölsəydi daha faciəvi şəkildə ölərdi. Bəlkə sağ qalsaydı böyüyəndə valideynlərinə işgəncə verərdi. Bu səbəbdən həm valideynləri əziyyət çəkər, həm də Allah tərəfindən daha böyük əzaba düçar olardı. Buna dair bir misalı Allah Quranda çəkir:
"Yenə yola düzəldilər. Nə­ha­yət, bir oğlan uşağı ilə rast­laş­dıq­da Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öl­dür­mə­yən gü­nah­sız bir canamı qəsd et­din? Doğrusu, çox pis bir iş tutdun”. (Kəhf, 74)
Bunun hikməti isə Quranda belə açıqlanır:
"Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşa­ğın bö­yü­yəndə onları az­ğın­lığa və küfrə sürük­lə­mə­sin­dən qorx­duq. Biz istədik ki, onların Rəb­bi onun əvəzində onlara on­dan da­ha təmiz və da­ha mər­hə­mət­li olan başqa bir övlad versin". (Kəhf, 80-81)
Göründüyü kimi burada Allah Öz hikməti ilə başqa bir insanın əli ilə uşağı öldürtdürür. Musa (əleyhissələm) peyğəmbər olmasına baxmayaraq bu məsələdə bir şər olduğunu fikirləşir. Və tez bu işin hikmətini sorğulayır. Çünki o da qeybi bilmirdi. Allah daha sonra Öz mərhəməti ilə bunun hikmətini ona açıqlayır. Lakin, O, hər zaman etdiyi işlərin hikmətini qullara açıqlamaq məcburiyyətində deyil. O, buna məcbur olunmaz və etdiklərindən dolayı soruşulmaz. Biz isə soruşularıq.
Bəlkə o uşaq sağ qalsaydı, qırx yaşında ikən pis bir əməl edib Allahın onu çatdırmaq istədiyi uca bir məqama yetişmədən dünyadan ayrılardı. Bu cür, kökü keçmişlərə gedən şübhələrə elm əhli tərəfindən hər zaman lazımi cavablar verilmiş və məsələyə geniş şəkildə aydınlıq gətirilmişdir. İndi isə məlum zəlzələyə fərqli aspektdən yanaşmağa çalışaq. Zəlzələnin Türkiyə və Suriya ərazisində baş verdiyini nəzərə alsaq, zərərçəkmişlərin böyük əksəriyyətinin Allaha və Axirət gününə iman gətirənlər olduğunu deyə bilərik. Bunu xilasetmə işlərində onlar tərəfindən səsləndirilən fikirlər, onların qarşılaşdığı bu dözülməz faciəyə rəğmən Allahı, Onun ayələrini, Qiyamət Gününü göz yaşları ilə, lakin könül xoşluğu ilə yad etmələri bir daha təsdiq edirdi. Onlar bu müsibətin yalnız Allahın təqdiri ilə onlara üz verdiyini qətiyyətlə dilə gətirirdilər. Artıq bu çağırış bütün dünyaya səs saldı. Kökslərdə möhkəm yer salmış imanın təzahürləri özünü elə məhz müsibət anlarında daha aydın büruzə verir. Ağıl sahibləri bu cür hadisələrdən ibrət götürür və həyatlarına yeni biçim verirlər. Dünya həyatının nə qədər dəyərsiz, fani və uğrunda mübarizə aparılmağa layiq olmayan bir məskən olduğunu dərk edirlər. Bu ifadələri dağıntılar altında saatlarla və günlərlə qalmış, sonra Allahın lütfü ilə oradan sağ çıxarılmış insanların dilindən dəfələrlə eşitdik. Böyük mülklərə sahib neçə-neçə insan dağıntılar altında saatlarla kömək üçün qışqırmış, çağırışlar etmiş, lakin səsini duyan olmamışdır. Hərçənd ki, o, sağ ikən güc və söz sahibi idi. Heç kəs bu cür fəlakətlərin başına bir gün gəlməyəcəyindən sığortalanmamışdır. Qəfil ölümlərin və faciəvi hadisələrin sayı artıb. Gecələr rahat yatıb səhərlər cansız bədəni yatağında tapılan şəxslərin xəbərləri tez-tez eşidilir. Cavanların ölümü adiləşib. Hər an ölüm mələyinin bizə gələ biləcəyini bildiyimiz halda bundan qafil gəzirik. Qiyamət günü yaxınlaşdı. Lakin insanların çoxusu bu barədə söz belə eşitmək istəmirlər.
"İnsanların hesaba çəkilə­cəkləri gün yaxınlaşdı. Amma onlar hə­lə də qəflət içində iman­dan üz çevirirlər. (Ənbiya, 1)
" Yaxınlaşan Qiyamət gü­nü yaxın­laşdı. Allahdan başqa heç kəs onun qar­şısını ala bilməz. Yəni siz bu Sözə təəccüblənirsiniz? Gülürsünüz, heç ağla­mır­sınız! Və qəflət içində oynayıb əylənirsiniz! Siz Allaha səcdə qılın və Ona iba­dət edin!". (Nəcm, 57-62)