Skip to main content


Məhərrəm ayı

Allah`ın səlavatı və salamı Peyğəmbəri Muhəmmədin və onun səhabələrinin üzərinə olsun.
İslam ümməti üçün əlamətdar aylardan biri olan Məhərrəm (ərəbcəsi “Muhərram”-dır) ayının başındayıq. Bu ay hicri təqviminin ilk ayı  və aşağıdakı ayədə də bildirildiyi kimi dörd haram aydan biridir. Allah təala Tövbə surəsində buyurur:

Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.(Tövbə 36)

Bu ayın Məhərrəm adlandırılmasının səbəbi onun haram ay olması və müqəddəsliyinin daha da gücləndirilməsi üçündür.

Ayədə qeyd olunan “Ona görə də həmin aylarda özünüzə zülm etməyin” cümləsinin mənası odur ki, bu aylarda günah əməllər edərək özünüzə zülm etməyin. Çünki bu aylarda edilən günahlar digər aylarda edilənlərdən daha böyük günah sayılır.

Rəvayət edildiyinə görə Abdullah ibn Abbas radiyallahu anhu “Ona görə də həmin aylarda özünüzə zülm etməyin” ayəsini açıqlayarkən belə demişdir: “Bu cümlə bütün aylara aiddir, ancaq Allah bu dörd ayı xüsusiləşdirmiş və haramlığını daha da əzəmətləndirmişdir. Bu aylarda edilən günahların böyük olduğunu bildirərək, yaxşı əməllər üçün də daha böyük savablar təyin etmişdir”.

İbn Kəsir yuxarıdakı ayənin təfsirində Qatadənin “Ona görə də həmin aylarda özünüzə zülm etməyin” ayəsi ilə əlaqədar belə dediyini rəvayət etmişdir: “Bu haram aylarda edilən zülüm digər vaxtlarda edilən zülümdən daha şiddətli və günahı da daha böyükdür. Allah öz işlərindən müəyyən etdiklərini əzəmətləndirir. Beləki, Allah öz məxluqatından müəyyən kəsləri seçərək ucaltmışdır. O, mələklərin arasından elçiləri, insanlar arasından peyğəmbərləri, sözlərin arasından Onu zikr etməyi, yer üzərində məscidləri, aylardan Ramazan ayını və haram ayları, günlərdən Cümə gününü, gecələrdən Qədr gecəsini seçərək ucaltmışdır. Ona görə də, Allah`ın bizə ucaltmasını əmr etdiyi şeyləri sizdə ucaldın, çünki anlayış və hikmət sahibləri Allah`ın ucaldılmasını əmr etdiyi şeyləri ucaldarlar”.

İzz ibn Abdu`s-Səlam “Qavaid əl-Əhkəm” kitabında belə demişdir: “Zamanlar və məkanlar iki yolla fəzilətləndirilir. Biri dünyəvi, ikincisi isə dini yolla. İkincisinə gəldikdə, səbəbi budur ki, Allah o vaxtlarda və məkanlarda edilən əməllərə daha böyük savab verməklə qullarına səxavətini bəxş edir. Məsələn Ramazan ayında tutulan oruca digər vaxtlarda tutulan orucdan daha böyük savab verir. Bu həmçinin Məhərrəm ayına və bu ayda olan Aşura orucuna da aidddir. Bu ayların və günlərin fəzilət Allah`ın qullarına qarşı olan səxavətindən və mərhəmətindən irəli gəlməkdədir”.

Yuxarıda qeyd edilən açıqlamalardan da anladıq ki, Məhərrəm ayında saleh əməlləri artırmaq və bunlara təşviq etmək lazımdır. Belə ki, Peyğəmbərimiz salləllahu əleyhi və səlləm və onun səhabələri bu ayda daha çox əməl etməyə üstünlük vermişdirlər. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Ramazan ayından sonra ən fəzilətli (üstün) oruc Allah`ın ayı Muharrəmdədir”. (Müslim 1982) Bu hədisdə  Məhərrəm ayına “Allah`ın ayı” deyilməsi bu ayın əzəmətini yüksəkliyini ifadə etmişdir.

Molla Əli əl-Qari bu hədisi şərh edərkən deyir: “Hədisin zahiri mənası Məhərrəm ayının hamısını ifadə etməkdədir. Ancaq Peyğəmbərin ramazan ayından başqa heç bir ayı tam olaraq oruc tutduğu rəvayət edilməmişdir. Ona görə də bu hədis, bütün ayı deyil Məhərrəm ayında daha çox oruc tutmağı təşviq edir”.

Məhərrəm ayından əldə ediləcək ibrətlər və dərslər;

Yuxarıda da qeyd etdiyimiz kimi, Məhərrəm ayı hicri təqvimin ilk ayıdır. Hicri təqvimindən istifadə etmək Ömərin xilafəti illərində qəbul edilərkən Məhərrəm ayı ilk ay olaraq hesablanmışdır. Çünki, bu ayda Peyğəmbərimiz salləllahu əleyhi və səlləm Məkkədən Mədinəyə hicrət etmiş və bununla da bəşər tarixin də bir çox böyük dəyişikliyin əsası qoyulmuşdur. Peyğəmbərin bu hicrəti ilə bəşəriyyət yenidən formalaşmış və şəkillənmişdir. Beləki, Mədinədə əsası qoyulan İslam dövləti hicrətdən cəmi on iki il sonra bir milyon iki yüz min kvadrat klometri əhatə edən Ərəbistan yarımadasına yayılmış və çox keçmədən bir tərəfi İspaniyada, digər tərəfi isə Çində olan geniş bir bir ərazini əhatə etmişdir. Hicrət bu mənada islamın inkişafı üçün mühim bir amilə çevrilmişdir. Allah Rəsulunun vəfatından sonra Məkkə və Mədinə şəhərlərinin fəzilətinə baxmayaraq oradan hicrət edib, dünyanın dörd bir tərəfinə yayılan səhabələr  də İslamı insanlara təqdim etmiş və bu işdə çox böyük müvəfəqiyyətlərə imza atmışdırlar. Müasir dövrümüzdə Avropa və Amerikaya hicrət edən İslam dəvətçiləri də bu işi davam etdirmiş və o ölkələrdə İslamın yayılmasına öz töhfələrini vermişdirlər. Buradan anladığımız kimi Məhərrəm ayı insanlıq üçün yeni miladın və yenidən ihya olmağın başlanqıcıdır.

Həmçinin bu ayda İslam tarixində baş vermiş faciələrdən biri olan Peyğəmbərin nəvəsi Hüseynin qətlindən də özümüz üçün dərslər və nəticələr çıxartmalıyıq. Beləki, Hüseynin Kərbəlada göstərdiyi qəhrəmanlığı, səbr və mətanəti bizim üçün bir örnək olmalı, zülmə və zalıma qarşı dayanmağı bizə öyrətməlidir. “Zillət bizdən uzaqdır” şüarı ilə İslam ümmətinə izzətini yenidən qaytarmaq üçün yola çıxmış Peyğəmbər nəvəsinin və ətrafındakı fədakar insanların əzmkarlığı hər bir əsrdə müsəlman gəncliyi üçün örnək olmalıdır. Beləki, Hüseynin hər Məhərrəm ayında  qəhrəmanlıq nümunəsi kimi xatırlanmasına baxmayaraq onu qətl edənlər tarixin zibilliyinə atılmış və adları heç bir şəkildə zikr edilməməkdədir. Lakin bu xatırlama zamanı biz Allah`ın kitabında və Peyğəmbərin sünnəsində əsası olmayan bəzi adət və ənənələrdən (ağlaşma, zəncir vurma və.s) qaçınmalıyıq. Çünki bunu nə Allah, nə də Peyğəmbəri əmr etməmişdir. Allah bizə Hüseyn kimi yaşamağı nəsib etsin. Amin.