Allah`ı qoru ki, Onu qarşında görəsən
Allah Rəsulu salləllahu əleyhi və səlləmin “Allah`ı qoru!” sözünün mənası; Allah`ın hududlarını, haqlarını, əmrlərini və qadağalarını qorumaqdır. Bunları qorumaq əmrlərini tam olaraq yerinə yetirmək, qadağalardan lazımı qədər uzaq durmaq, Onun bizim üçün çizdiyi sərhədlərdə dayanmaq, Onun əmr etdiyi sərhədləri aşmamaq və izn verdiyi məsələləri də aşıb qadağalarına dalmamaqla olur. Hər kim bunları edərsə Allah`ın Öz kitabında təriflədiyi Onun hüdudlarını qoruyan şəxslərdən olar.
Allah təala buyurur:
Onlara deyiləcəkdir: “Bu, vəd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allah`a tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəhman`dan (Onu) görmədən qorxan və (Rəbb`inin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür! (Qaf 32-33)
Allah Rəsulu salləllahu əleyhi və səlləmin “Allah`ı qoru ki, onu qarşında görəsən” və başqa bir rəvayətdə “Onu önündə görəsən” sözünün mənası odur ki, hər kim Allah`ın hüdudlarını qoruyar, Onun haqlarına riayət edərsə hər bir halda Allah`ı yanında görmüş olar. Allah onu hər bir halda ehtiyatlı olmasını təmin edər, onu qoruyar, ona yardım edər, işlərində müvəffəq edər və doğru olana onu yönləndirər.
Allah təala buyurur:
Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir! (Nəhl 128)
Allah Rəsulu salləllahu əleyhi və səlləmin “Bir şey istəyəndə Allah`dan istə, kömək dilədikdə Allah`dan dilə!” sözü “əl-Fatihə” surəsindəki “Yalnız Sənə ibadət edər, yalnız Səndən yardım istəyərik” ayəsindən götürülmüşdür. Belə ki, Allah`dan bir şey istəmək, Ona dua etmək və rəğbət göstərmək deməkdir. Dua isə ibadətin özüdür. Numan bin Bəşirin rəvayət etdiyi bir hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm bunu açıq şəkildə ifadə etmiş və arxasınca bu ayəni oxumuşdur: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Ğafir 60) Bu hədisi İmam Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdirlər.
Peyğəmbər salləllahu əleyhi və səlləmin “Əgər bütün məxluqat Allah`ın sənin üçün yazmadığı bir işdə sənə fayda vermək istərlərsə onu edə bilməzlər. Həmçinin əgər bütün məxluqat Allah`ın sənə yazmadığı bir işdə sənə zərər vermək istərlərsə onu edə bilməzlər” sözünün mənasını açıqlayacağıq. Bu rəvayət imam Əhmədin rəvayətidir, imam Tirmizinin rəvayəti də bu mənadadır. Bu sözdən məqsəd budur ki, dünya həyatında qulun başina gələn faydalı və zərərli hər bir şey Allah tərəfindən təqdir edilmişdir. Bir kəsin başına əzəldən təqdir edilmiş şeylər xaricində, heç bir şey gəlməz.
Quranda buna dəlalət edən bir çox ayələr vardır. Allah təala buyurur:
“De: “Allah`ın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də mö’minlər yalnız Allah’a təvəkkül etsinlər!” (Tövbə 51)
“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” (Hədid 22)
“De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər...” (Əli İmra 154)
İmam Əhmədin Əbu Dərdadan radiyallahu anhudan rəvayət etdiyi hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurur:
“Hər şeyin bir həqiqəti vardır. Bir qul onun başına gələcək hər hansı bir şeyin ondan uzaqlaşmayacağını və onun başına gəlməyəcək hər hansı bir işindən ona üz verməyəcəyini bilməyincəyə qədər imanın həqiqətini anlamış olmaz.” (İmam Əhməd: 6/441, əl-Heysəmi “Məcmə”-də: 7/197. Hədisin raviləri etibarlı şəxslərdir)