Skip to main content


Bizim dəvət mənhəcimiz

“İnsanları Rəbb`inin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbb`in azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.” (Nəhl 125)

 Bu dəvətimizin məqsədi fərdin nəfsini islah etməsi və Rəbb`inin göstərdiyi xilas yoluna qədəm qoymasıdır.

“Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır.” (Şəms 9) Nəfsin islahı isə mütləq bir zikr tərbiyəsindən keçər. Müasir bəlalarımızın əsası da odur ki, fərdlər zikri unutmuş, cəmiyyət qafilləmişdir. Belə olan təqdirdə biz öz dəvətimizdə Rəbb`imizin bu sözünü düstur etdik:

“Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (Bəqərə 152)

 Eyni zamanda biz gözəl bilirik ki, təbliğ bizdən hidayət isə Allah`dandır. “Ey Elçi! Rəbb`indən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan.  Allah səni insanlardan qoruyar.  Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz.” (Maidə 67)

 Bütün işlərdə olduğu kimi dəvətdə də nümunəmiz Allah`ın rəsuludur. Biz Ona uyanlara uyar, Ona uymayanlara uymayarıq. Biz məzhəbə deyil, Quran və sünnətə dəvət edərik. Çünki “Ey iman gətirənlər! Allah`a, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allah`a və qiyamət gününə inanırsınızsa, onu Allah`a və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (Nisa 59) və “Həqiqətən, Allah`ın Rəsulu Allah`a, qiyamət gününə ümid bəsləyənlər (Allah`dan, qiyamət günündən qorxanlar) və Allah`ı çox zikr edənlər üçün gözəl örnəkdir!”. (əl-Əhzab 21)

 Bütün bunları əsas alaraq yola çıxdıq və Allah`dan bizi doğru yola yönəltməsini və cəmiyyətimizin etiqadi və əməli islahından müvəffəq olmamızı diləyirik. Bu işdə Rəbb`imizin bizi nəbəvi metoda tabe etməsini niyaz edirik. Rəsulullah salləllahu əleyhi və səlləm­in üzərimizə bunu öhdəlik olaraq buraxdığını da unutmuruq: “Məndən bir ayə belə olsa insanlara çatdırın" (Buxari, Ənbiya, 50)”.

 Biz inşəAllah çatdıracağıq, müvəffəqiyyət isə Rəbb`imizdəndir.