Skip to main content


Müsibətlərdən qazancla çıxmaq: Fərqli bir baxış

Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (İnşirah 5-6)

Çoxlarımız bu surəni oxumağı sevir amma içərisindəki hikməti çox azımız anlaya bilirik. Allah təala bizə Fussilət surəsində bildirir.

سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbb`inin hər şeyə şahid olması kifayət deyil? (Fussilat 53)

Bir şeyi anlamamıza ehtiyac var, həqiqətən Rəbb`imiz bizə kainatda və özümüzdə bir sıra ayətlərini göstərmək istəyir. Bu bizim bir insan kimi formalaşdıracaq həyat təcrübəmizin bir parçasıdır. O bizdən həyatda çətinliklərlə yanaşı bir rahatlığın da olduğu həqiqətini yaşamaq və təcrübə etməyimizi istəyir.

Əgər düşünsək görərik ki, bir çoxumuz həyatda bu və ya başqa çeşit çətinlik və müsibətlərlə qarşılaşırıq. Bu çətinliklər bəzən açıq bəzən isə gizli olur. Bu sizə imanınızı yaşamağa mane olan valideyin, həyat yoldaşı ola biləcəyi kimi, xəstəlik, maddi problem və ya hər hansı mənəvi bir yük də ola bilər.

Bəzi insanlar bu sıxıntılara zərərinə olacaq bir tərzdə qarşılıq verdiyi halda bəziləri isə bu sıxıntılarla gələn gözəllikləri və rəhməti həqiqətən kəşf edirlər.

Oxuduğum bir kitabda müdrik bir şəxs belə deyirdi “Çətinliklər qarşısında ümüdünü əsla itirmə. Çünki bu Allah`dan bir yol və Onun Rəhmətinə açılan bir pəncərə ola bilər.”

Bu məqalədə biz inşaAllah müsibətlərin hikmətini anlamaq və onları faydaya çevirmək üçün sağlam yolları sizə göstərməyə çalışacağıq.

Həm Nemətlər və Həm Müsibətlər Bir İmtahandır

Çətinliklərələ qarşılaşdığımızda bütün insanların imtahana tabe olduğu həqiqətini dərk etməliyik. İnacımız və ya imanımızla imtahan olunacağıq. Səmimiyyət və ixlasımızdan imtahan olunacağıq. Bu imtahanlarda hər kəs öz gücünə görə pay alacaq.

Fəcr surəsindən gözəl və təsirli bir ayəni nəzərinizə çatdırmaq istəyirəm.

İnsana gəldikdə, nə zaman Rəbb`in onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbb`im mənə ehtiram göstərdi!”–deyər. Amma nə zaman onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbb`im məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər. (Fəcr 15-16)

SübhənAllah həqiqətən də belə deyilmi,?

Bunu düşünək bir. Nə zaman ki Allah bizə öz rəhməti ilə lütf edirsə biz qəflətə düşür, çox yaxşı insan olduğumuzu, Allah`ın rəhmətinə laiq olduğumuzu düşünürük. Amma nə zaman ki, çətinliklərlə qarşılaşırıq düşünürük ki, Rəbb1imiz bizi cəzalandırır, bizi alçaldır.

Bu Ayələr bütün nemət və müsibətlərin Allah`dan bir imtahan olduğunu bizə öyrədir. O Mülk surəsində buyurur.

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ الْعَزِيزُ الْغَفُورُ

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır. (Mülk 2)

İçində olduğunuz sıxıntılar və bu sıxıntıların nə olduğu önəmli deyil. Önəmli olan onlara qaşı necə davranacağınızdır.

Allah`ın böyük bir nemət nəsib etdiyi bir dostumu xatırlayıram. Bu nemət mənim də hər zaman arzuladığım bir şey idi. Sonra bu fikrimdən döndüm. Allah ona böyük bir nemət bəxş etmişdi. Mənim də arzuladığım bir nemət. Amma daha sonra Allah o dostuma elə fəlakətlər verdi ki, düşünürəm mən onları əsla daşıya bilməzdim və anladım ki, Allah şübhəsiz Adildir. O insanlara öz güclərinə görə müsibətlər verir və buna görə onlara nemətlər bəxş edir.

Əsla düşünməyək ki, Allah`ın birinə lütfü onun haqq etdiyi üçün, müsibətlərə düçar etməsi onu cəzalandırmaq üçündür.

Hər birimiz imtahan olunuruq. Hər birimiz fərdi dərs alırıq.

Allah bir Qudsi Hədisdə buyurur: ”Mən qulumun Məni zənn etdiyi kimiyəm”.

Əbu Hüreyrədən rəvayət olunan bir hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurur: “Uca Allah belə buyurdu: “Mən qulumun zənni üzərəyim. O Məni zikr etdiyi zaman onun yanında olaram. O məni gizlində xatırlayarsa Mən də onu Zatımda zikr edərəm. Əgər o Məni bir məclisdə anarsa Mən onu daha xeyirli bir məclisdə xatırlayaram. O Mənə bir addım yaxınlaşarsa Mən ona bir qulac yaxınlaşaram. O Mənə bir qulac yaxınlaşarsa Mən ona on qulac yaxınlaşaram. O Mənə yeriyərək gələrsə Mən ona qaçaraq gələrəm”. (Buxari)

O zaman Allah`ı haqqıyla düşünək. O bizim üçün bizi ona daha yaxınlaşdıracaq şəraiti hazırlayır.

Əgər həyat sizin üçün çətindirsə və ətrafınızdakı yaxınlarınız sizə qarşı yetərincə mehriban deyillərsə bəlkə də bunlar sizin hər yerdə yalnız Allah`ı axtarmaq və Ona güvənmək, hər zaman Ona inanmaq və inancını artırmağa İnşəAllah səbəb olacaq.

Allah`ın bir sıra çətinliklərdən sonra qəlbimi Ona, Ktabına və Rəsulu salləllahu əleyhi və səlləmə necə genişləndirib açmasını heç unutmayacağam. Bu sıxıntılar axtarmağıma səbəb oldu və mən də axtardığımı tapdım. Bir hikmətli sözdə deyilir “Allah`ı tapan nəyi itirib. Allah`ı itirən nəyi tapıb?”

Amma yenə də vahiməyə düşməyək

Qəlbinizi sakinləşdirin, bilin ki müsibətlər sizi öyrədir, sizi Allah`a yenidən bağlayır, həyatı daha dərindən dərk etmənizə səbəb olur.

Dua və Səbrin Gücü

فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِين

Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin! Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allah`dan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir! (Bəqərə 152-153)

Nə qədər və ümüd verici ayələrdir.

Xatırlayın ki, Allah sizə kömək edəcək. O sizə qayğı göstərəcək, qəlbinizi sabitləyəcək və işlərinizi yoluna qoyacaq. İnşəAllah

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Möminin işi necə də qəribədir. Allah ona bir şey bəxş etdikdə o şükr edər və bu onun üçün xeyir olar. Allah onu sınağa çəkdikdə o çətinliklərə səbr edər bu da onun üçün xeyir olar. Bu hal ancaq möminə xasdır”. (Müslim)

Çətinlik və sıxıntılarla qarşılaşdığınızda edəcəyiniz ən gözəl şey səmimi, ixlasla Rəbb`iniz olan Allah`a dua edib namaz qılmaqdır. Bu namaz fərqli bir ibadət olmalıdır. Nə zaman ki, Fatihədəki “Yalnız sənə ibadət edir və yalnız səndən yardım diləyirik” ayətini oxuyursan bu sözləri həqiqətən özündə hiss etməyə çalış. O zaman sən Allah`la aranda yeni bir duyğu və bağ kəşf edəcəksən.

Bil ki, Bütün çətinliklər sonunda bitəcək və bu həyatdakı hər şey müvəqqətidir.

Amma bu həyatdakı heç bir şey səninlə Rəbb`in olan Allah arasındakı bağ kimi gözəl və sonsuz ola bilməz.

Universitetdə müsabiqə işini yazarkən bir hadisə baş vermişdir. Aylarca yazdığım və bitirmək üzrə olduğum iş yanlışlıqla komputerdən silindi. Bu o deməkdir ki, mən yenidən aylarımı sərf edib bu işi təkrar yazmalı olacam. Həm də ki, təhvil verməli olduğum tarix yaxınlaşırdı. SubhanAllah bu işin içindən necə çıxacaqdım.

Niyə belə oldu suallarını verməyə başladım öz-özümə.

O gecənin çoxunu Allah`ı xatırlamaqla keçirdim. Rəhman və Rəhim olan Allah`ı. Bilirdim ki, Allah bizə anamızdan daha mərhəmətlidir. O mənə bir yol göstərəcək.

Bir müddət sonra düşündüm ki bu müsabiqəni itirməyim dünyanın sonu deyil. Sonra bu ayəni xatırladım.

الَّذِينَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allah`a məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Bəqərə 156)

Bu məni xoşbəxt etdi. Allah`a qayıdacaq olmamız düşüncəsi mənə bir rahatlıq hissi verdi. Bu duyğularla iki rükat namaz qılıb yatdım.

Oyandığım zaman dərk etdim ki, bir qaynaq mənim sualımı cavablandırıb. Həm də bu cavab o qədər parlaq və bərəkətli idi ki, mənə müsabiqəni unutdurdu. SubhanAllah. Müsabiqə üçün yazdığım bu məqalə dərc olunacaq və bir müddət sonra arxivlərdə unudulacaqdı.

Amma tək unudulmayacaq şey o gecə Allah`la aramda hördüyüm bağ idi. Bu bütün araşdırmalarımın ən böyük neməti idi.

Bilin ki, burada ən önəmli nöqtə səbirli olmaq və Allah`dan ixlasla istəməkdir. Və görəcəksən ki, sıxıntılarını rahatlıqla həll edirsən. Hətta öncədən xəyal etdiyindən daha rahat və bərəkətli.

Əgər Allah sizə bir sıxıntı verirsə əmin olun ki, bu sizin öhdəsindən gələcəyiniz bir yükdür. Allah Bəqərə surəsində buyurur

لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. (Bəqərə 286)

Bilin və əmin olun ki, siz bunu bacara bilərsiniz. Allah`a tam və əmin bir şəkildə təvəkkül edin və onun hər şeyə Qadir Allah olduğunu xatırlayın. Bizə sıxıntı nəsib edən hər şeyi bilən Allah`dır və O bilir ki, biz bu sıxıntının öhdəsindən gələ bilərik.

Çarəsizlik və ümidsizlik hissinə qapılmayın. Ehtiyacınız olan tək şey Allah`ın yardımını istəməkdir. Və bilin ki, Cənnətin və Dünyanın Rəbb`i olan Allah sizə çıxış yolunu göstərəcək.

Duanın Gücünü Kəşf Edin!

Dua ilə hər şey asan olur. Qəmgin olduğunuzda, bir sıxıntınıya düşdükdə, yorulduğunuzda və ya çərəsizliyə düşdükdə dua edin-bu möminin ən güclü silahıdır.

Səcdəyə gedin, bütün yükü çiyinlərinizdən atın və səmimi, ixlasla Ondan Rəbb`iniz olan Allah`dan istəyin. Ehtiyacınız olan hər bir şeyi, qəlbinizin bütün istəklərini yalnız Ondan istəyin. O zatən gizlədiklərinizi də aşkar etdiklərinizi də bilir. Amma Rəbb`imizin bizdən istədiyi Ona inanmağımız və dua etməyimizdir. Bil ki, sənin çarəsizliyin və möhtaclığın Hər Şeyə Gücü Yetən Allah`a təvəkkül etməklə yoluna düşəcək.

Allah Əl-Ğani, Əl-Muğni deyilmi?

Buna görə dua edin və əminliklə bilin ki, Allah əlbətdə Eşidən və Qarşılıq verəndir.

O belə buyurur:

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə 186)

Xatırtalayın: Dərəcəniz Yüksəlir

Əbu Səid əl-Xudri və Əbu Hüreyrədən Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyurduğu rəvayət olunur:

Yorgunluq, uzun müddətli xəstəlik, kədər, sıxıntı ve qəmdən tutmuş ayağına batan tikana qədər Müsəlmanın başına gələn hər şeyi Allah onun xətalarını bağışlamağa (qarşılıq) vəsilə qılar. (BuxariMərda 1,2, MuslimBirr 49)

Unutmayın qarşılaşdığınız müsibətlər bəlkə də həqiqətən sizin təmizlənmənizə və dərəcənizin yüksəlməsinə səbəb olacaq. Allah Kərimdir və çox səxavətlidir. O mömin quluna verdiyi müsibətləri ardından göndərəcəyi bir mükafata qarşılıq verir.

İndi iman etmənin tam zamanı. Dərin bir nəfəs alın və tam əmin olun ki, Allah sizin bu sıxıntılarınızı bir rahatlığa çevirməyə qadirdir. Aramızda indi bunu oxuyan sıxıntısı olanlar bir də dərdlərinə belə baxsınlar.

Əgər bunu özünüzdə tədbiq edirsinizsə bilin ki, köməyinizə ehtiyacı olanlar var. Ətrafınızda sıxıntı içərisində olan yaxınlarınızı səmimi və ağıllı məsləhətlərinizlə rahatlada bilərsiniz. Onlara ehtiyacları olan dəstəyi verin, onlara mərhəmət göstərin və kömək üçün yanlarında olun.

Numan ibn Bişirdən rəvayət olunan bir hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Bir birini sevməkdə, bir birinə mərhəmət və şəfqət göstərməkdə möminlər bir bədənin misalı kimidir. Bədənin bir üzvü ağrıyarsa bu zaman bütün bədən yuxusuzluq və qızdırma ilə ona qarşılıq verər”.

Yəni qardaşlarımızın çətinlərini dərk edib onlara kömək olmaq üçün bütün yolları axtaraq.

Əbu Hüreyrədən rəvayət olunan bir hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Kim bir müsəlmanı dünyəvi bir kədərdən azad edərsa Allah da onu bir Axirət sıxıntısından qurtarar. Kim bir müsəlmanın eyibini örtərsə Allah da onun eyibini Qiyamətdə örtər. Kim bir imkansıza borcunu ödəməkdə rahatlıq göstərərsə Allah da onu Dünya və Axirətdə rahat etdirər. Qul qardaşının köməyində olduğu müddətcə Allah da onun köməkçisidir”.

Bir birimizə qucaq açmağı bacarmalıyıq. Xüsusi ilə xəstəlik, sıxıntı və müsibət anlarında. Çünki bu zamanda qəlbimiz yumşalır və həssas oluruq və bir birimizə hər zamankindən daha çox ehtiyac hiss edirik.

Sonda bir daha xatırladaq. Kədərlənməyin və ümidsiz olmayın. Allah sizi eşidir, sizi görür və O işlərinizi yoluna qoyacaq. Bilirəm çətin işləri sözdə demək asandır. Amma mən bir şeyi də əminliklə bilirəm ki, Allah`ın köməyi ilə imkansız olan bir şey yoxdur.

رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ

“Ey Rəbb`imiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!” (Araf 126)

Rəbb`im bizə müsibətlərin hikmətini anlamağı və onlardan qazanclı şəkildə qurtulmağı bizlərə nəsib etsin və bu müsibətləri bizi Ona daha da yaxınlaşdırmağa və dərəcəmizin qatında yüksəlməsinə vəsilə etsin. Amin

Sonda qardaşlarım bir şeyi də unutmayın!

“Həqiqətən hər çətinlikdən sonra bir asanlıq var. Və həqiqətən hər çətinlikdən sonra bir asanlıq var”