Skip to main content


Səhabələrin Ramazanı 1- Əbu Bəkrin iftarda yaşadığı hadisə



Məlumdur ki, Həzrəti Əbubəkr (r.a.) bu ümmətin ən fəzilətlisidir. Peyğəmbərlərdən sonra bu ümmət içində ondan daha fəzilətlisi yoxdur. Peyğəmbər Əleyhissalatü Vəssalam belə buyurur:

"Bütün ümmətimin imanı bir tərəziyə, Əbubəkrin imanı isə digər tərəziyə qoyulsa, Əbubəkrin imanı daha ağır gələr."

Belə böyük bir imana sahib olan, Peyğəmbərə (s.a.v.) yoldaşlıq edən, onun sirdaşı və qayınatası olan Həzrəti Əbubəkr (r.a.), çox isti bir yay günündə oruc tutur. Axşam iftar vaxtı çatanda isə süfrəsində yalnız bir kasa soyuq su var. Biz də isti yay günlərini görmüşük; belə havada insanın gözü yemək görməz, sadəcə soyuq su içmək istəyər. Həzrəti Əbubəkr (r.a.) iftar zamanı o soyuq suyu içmək üçün əlində tutdu. Lakin stəkanı ağzına aparmağı ilə geri qoymağı bir oldu. Birdən hönkür-hönkür ağlamağa başladı və göz yaşlarına boğuldu.

Yanındakılar bu hala təəccübləndilər və soruşdular:

— Ey Əbubəkr, nə üçün ağlayırsan?

Həzrəti Əbubəkr (r.a.) belə cavab verdi:

— Bir gün Allah Rəsulu (s.a.v.) ilə oturmuşduq. O, əlləri ilə sanki bir şeyi itələyirdi. Elə bil qarşısında biri var idi və ona "Get!" deyirdi. Biz bu hərəkətə məna verə bilmədik və soruşduq:

— Ya Rəsulallah! Əlinizlə nəyi itələyirdiniz? Bizim görmədiyimiz, lakin sizin gördüyünüz nə var idi?

Bunun üzərinə Peyğəmbər Əleyhissalatü Vəssalam belə buyurdu:

— Dünya bütün bəzəyi və ehtişamı ilə yanıma gəldi və özünü mənə təqdim etdi: "Məni qəbul et!" dedi. Amma mən ona "Get!" deyərək qarşılıq verdim, onu istəmədiyimi bildirdim. Bunun üzərinə dünya mənə belə dedi:

— And olsun ki, sən məndən qaçıb qurtulsan da, səndən sonra gələnlər məndən qurtula bilməyəcəklər. Özümü onlara qəbul etdirəcəyəm. Onlar məndən qaça bilməyəcəklər!

Həzrəti Əbubəkr (r.a.) göz yaşları içində belə dedi:

— Bu hadisə yadıma düşdü. Öz-özümə düşündüm: Görəsən, dünya məni də aldatdı? Çünki indi istidən yanan bir halda soyuq su içmək istəyirəm. Bu da dünyanın bir nemətidir. Görəsən, mən də dünyanı qəbul edənlərdən oldummu?

Əgər Həzrəti Əbubəkr (r.a.) sadəcə bir stəkan su içərkən bunu düşünürsə, biz süfrəmizə gələn və gedən yeməklər haqqında nə düşünməliyik? Və ya nəfsimizin hər istədiyi şeyin arxasınca gedirik, halalına, haramına baxmırıqsa o zaman hansı üzlə Allahın hüzuruna gedəcəyik? Yəni dünyanın qulları olmaqdan çəkinmək lazımdır.

Bu mövzudan öyrəndiyimiz digər dərs budur ki, iftar süfrələrini qurarkən özümüzü itirməməli, israfçılığa yol verməməliyik. Başımıza gələn bəlaların çoxu süfrələrdə israf etdiyimiz nemətlər səbəbindəndir. Peyğəmbər Əleyhissalatü Vəssalam hətta yerə düşən bir qırıntını 3 dəfə üfürərək yeməyi tövsiyə edir. Allah-Təala siz təvazökar olduğunuz üçün sizi Öz dərgahında ucaldar.
Evdə xanımlar iftar süfrəsi hazırlayarkən "Bu gün qonaq gələcək, süfrə möhtəşəm olmalıdır" deyərək ikindi namazını tərk etməməlidir. Axşama yaxın "yemək çatdırılmalıdır" deyə namazı qılmamaq böyük itkidir. Çünki hansı iş sizi namazdan yayındırırsa, o işin heç bir bərəkəti olmaz. Peyğəmbər Əleyhissalam buyurur ki: "Bir kəs orucluya iftar etdirərsə, oruclunun savabının eynisini qazanar. Oruclunun savabından da heç nə əskilməz." Lakin biz bu işi edərkən həddi aşaraq süfrəni israfa sürükləyir, namazı tərk ediriksə, bu iftarın nə mənası qalar?

Allahın razılığı hər şeydən üstündür. Odur ki, bu mübarək Ramazan ayında nəfsimizi idarə etməyə çalışmalı, nəfsimizin deyil Allahın qulu olmağı öyrenməliyik. Digər tərəfdən əgər Ramazandan əvvəl namaz qılmırdıqsa, bu Ramazan namazı ruhumuza və hüceyrələrimizə yerləşdirmə vaxtıdır, inşallah!