Hz Musadan (ə.s) aləmlərə örnək dua
Hər birimizin özünü çarəsiz hiss etdiyi anlar olur. Bəzən sənin üçün həyatda hər şeyin artıq sona çatdığını düşünürsən. Hətta dualarının qəbul edilmədiyini, heç bir dəyərinin olmadığını belə zənn etmisən. Bəs problemin nədən irəli gəldiyini və necə aradan qaldıra biləcəyini heç düşünmüsənmi? Qurani-Kərimin əslində bütün çətinliklərini aradan qaldıra biləcək əlac olduğunu bilirdin? Qəsas surəsində Hz.Musanın başına gələnlər, bütün bunların qarşısında onun davranışı və Allah Təalənin ona dəstəyi hikmətlərlə doludur.
Bu surədə ,əvvəlcə ,Allah Təalə Hz.Musanın Misirdən qaçaraq Mədyənə yönəlməsindən bəhs edir. O səhvən bir qibti əsgərin ölümünə səbəb olmuşdu və buna görə bütün Misirdə qisas üçün axtarılırdı. Allah onu Mədyən diyarına yönəltdi. Hz.Musa orada quyu ətrafında heyvanlarına su verən adamlar və quyudan kənarda sürüsü ilə dayanan iki qadın gördü. Onlara yaxınlaşaraq kənarda dayanmalarının səbəbini soruşur və qadınların kişilərdən həya etdikləri üçün onlara qarışmadığını öyrəndikdən sonra onlara kömək etmək üçün özü sürünü quyuya tərəf aparıb su verir. Qadınlara kömək etdikdən sonra kölgəlik bir yerə çəkilərək bu möhtəşəm sözləri deyir:
Ey Rəbbim!Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var. (Qəsas surəsi, 24)
Bu son dərəcədə güclü bir ifadədir.Gəlin,duanın barəsində danışmazdan əvvəl Hz.Musanın etdiklərinə nəzər salaq. O, həmin qadınlardan heç bir təşəkkür gözləmədi, baxmayaraq ki,onlara kömək etmişdi. Həmçinin o , qadınlarla uzun-uzadı söhbət də etmədi. Çünki onun məqsədi təqdir edilmək deyil,məhz Allahın rızasını qazanmaq idi. Kölgəyə çəkildiyi zaman ilk Allaha üz tutması bunun sübutudur. Bizlər isə bəzən yaxşılıq edirik, sonra dilimizlə deməsək belə, qəlbimizdə etdiyimizin fərqinə varılmasını, təqdir edilməyi gözləyirik.Lakin bu ayələr bizə çox vacib bir şeyi öyrədir. Saf bir niyyətlə yaxşılıq edərkən qarşılığını sadəcə Allah Təalədən gözləsək və sıxıntılarımızı Onunla bölüşsək, o zaman Allah Təalənin üzərimizdəki nemətləri təsəvvür edə bilməyəcəyimiz qədər artar.
Məsələ burasındadır ki, bir çox halda insanlar bir-birlərinə yaxşılıq edirlər və ümid edirlər ki, bir gün işi düşsə, həmin adam yaxşılığın qarşılığını verəcək. Ancaq biz bu duadan başqa bir şey də öyrənirik. Hz.Musa evsiz, öldürülmə təhlükəsi ilə qarşı-qarşıya idi, üzərindəkilərdən başqa nə bir geyimi, nə də azuqəsi vardı, tamamilə çarəsiz və ehtiyac içində idi.Bütün bunlara baxmayaraq o, həmin qadınlara kömək edərkən heç bir mənfəət güdmür və qarşılıq gözləmir, yalnız Allaha ümid edir. Deməli, könüllü olaraq bir iş görürüksə, insanlardan qarşılıq gözləməməliyik, əgər qarşılıq gözləsək, bu duanın mahiyyətini itirər
Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var. (Qəsas surəsi,24)
Indiyədək nə göndərmisənsə,mən ona çox möhtacam. Başqa sözlə desək, bu kölgəlik, önündəki quyu o anda Musanın yararlana biləcəyi yeganə şeylər idi. Evi yox, gedəcək yeri yox, lakin qarşısındakılara baxıb Allaha belə deyir:
“Ey Allahım, çox təşəkkür edirəm, bunlar üçün. Onlara çox ehtiyacım vardı.”
Başqa sözlə desək, Allahdan daha artığını istəməzdən əvvəl , Allahın ona bəxş etdiklərinə diqqətini yönəldir. Biz kənardan baxsaq,sadəcə heç bir şeyi olmayan çarəsiz bir insan görərik.Lakin məsələyə Hz. Musanın gözü ilə baxsaq, uzun çöl yolunun dəhşətli hərarəti və taqətdən salan susuzluqdan sonra , doyunca su içə biləcəyi bir quyu ,dincələ biləcəyi kölgəlik bir yer tapması, bütün bunların ən vacibi isə saleh bir əməl etmək fürsəti onun təşəkkür etməsi üçün kifayət idi. Hz.Musa sanki bunu deyirdi: “Ey Allahım! Həqiqətən çox ehtiyacım var idi., təşəkkürlər. Sənin bu yardımın olmasaydı, mən çoxdan ölmüş olardım. “
Hz.Musanın başına gələn bu hadisədən çıxaracağımız ikinci dərs isə budur ki, əgər xəta etmisinizsə, günahkarsınızsa, insanlara yaxşılıq etmək üçün can atmalısınız. Musa aclıqdan və susuzluqdan taqətsiz bir halda olsa da, çarəsiz qalan o iki qadını görən kimi onlara yardım əlini uzatdı, baxmayaraq ki, o qadınlar kömək üçün ona müraciət etməmişdilər.Yorğun olsanız belə, keçmişdəki xətalarınız sizi saleh əməllər etməyə sövq etməlidir. Əlinizə fürsət düşübsə :“Əşi,indi dincəlim, sonra vəziyyətə baxaram” deməyin, Allah Təalənin qarşınıza çıxardığı saleh əməl fürsətini qaçırmayın. Sonra o fürsət bir də ələ düşməyə bilər və peşman olarsınız.
Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var.
Bu duanın bir başqa mənası da budur :“Ey Allahım mən keçmişdə pis bir iş tutdum, buna görə qarşıma özümü əfv etdirmək üçün nə çıxarsan mənim qəbulumdur. Onu can-başla dəyərləndirərəm.Bu qadınlara yardım etmə fürsətini mənə nəsib etdiyin üçün çox təşəkkür edirəm. Baxın,birinə sədəqə versəniz, və ya hər hansı bir köməklik göstərsəniz, sizdən əvvəl onlar sizə yardım etmiş olar. Çünki Qiyamət günü onlar sizin etdiyiniz əməllərinizə şahidlik edəcək və bununla o çətin gündə sizə yardım etmiş olacaqlar.
Fikir verdinizsə, Qurani-Kərimin Qəsas surəsində Hz.Musanın məhz o qadınlara yaxşılıq etdikdən sonra dua etdiyi qeyd edilir. Həmin surədə daha sonra o iki qadının atası olan Hz. Şueybin Hz Musaya iş və qalacaq yer təklif etməsi artıq duanın qəbul olunduğunun nişanəsi idi. Deməli, dua etməzdən əvvəl edilən saleh əməl duanın daha tez qəbul olmasına səbəb olar.
Ən nəhayət, Hz Musa:” Dərdliyəm, dərman ver, məni doyur, sığınacaq bəxş et” kimi sözlər işlətmədi. Bunların hamısını özündə əhatə edən bir cümlə işlətdi:
“Mənə hər nə vermisənsə,ona çox möhtacam”
Allaha ən gözəl şəkildə dua edə bilmək arzusu ilə...
Məqalə Nouman Ali Khanın "Dirilt qəlbini" kitabından bir hissədir.