Kimlər
Bir gün oturub xəyalə daldım öz-özümdə,
Durdu ölümüm sonrası səhnələr gözümdə.
* * * * * *
Çox düşündüm amma gələ bilmədim qərarə,
"Kimlər?" sualı etdi məni xeyli əvarə.
* * * * * *
Gəldikdə əcəl, o dünyayə hicrət edəndə.
Ruhum bu zəif cismimi tərk edib gedəndə.
* * * * * *
Kaş olaydı dost-tanışlarım yanımda barı.
Tənha gedəndə ən sonuncu mənzilə sarı,
* * * * * *
Tənhalığa, yalnızlığa yox zərrəcə tabım,
Amma ki, nə fayda bağlanır ömrü-kitabım.
* * * * * *
Kimlər yuyacaqdır, hərəkətsiz bu bədənimi?!
Kimlər geyindirəcəkdir görəsən kəfənimi?!
* * * * * *
Halsız uzanan cismimə kimlər baxacaqdır?!
Göz yaşı yanaqdan süzülüb hey axacaqdır...
* * * * * *
Baxdıqca ətrafımda duranlar mənə xəlvət,
Xatırlıyar hərkəs sonunu, ölümünü əlbət.
* * * * * *
Toplanıb kim cənazə namazımı qılacaqdır?!
Tənbəllik edib kim aradan sıyrılacaqdır?!
* * * * * *
Zülmət dolu qəbr evində nurlanmağım üçün.
Kimlər edəcək dua bağışlanmağım üçün?!
* * * * * *
Tabutumu öz çiyninə kimlər alacaqdır?!
Sakitcə durub kənarda kimlər qalacaqdır?!
* * * * * *
Kimlər gələcəkdir qəbiristanlığa sarı?!
Kimlər mənim üçün qazacaq dərin məzarı?!
* * * * * *
Lap gəlsə də mal, ailə həm əməl mənimlə,
Tək əməl girər qəbrə bu cansız bədənimlə.
* * * * * *
Bir zaman gəzərkən üstündə qarə torpağın,
Indi girirəm altına biçarə torpağın.
* * * * * *
Kimlər üç ovuc torpaq atar qəbrimin üstə?!
Ya Rəbb mənə ver səbri qalan səbrimin üstə.
* * * * * *
Çünki elə dəhşətdi bu anlar yaşanırkən,
Bir gün dar olan məzarə məcbur daşınırkən,
* * * * * *
Çox çətindir hətta xəyal eyləmək bir anlıq,
Zülmət bürüyür hər tərəfi, çökür qaranlıq.
* * * * * *
Üç gün sonra kim yad eliyər ismimi ya da?!
Kimlər unudar ismimi edilən duada?!
* * * * * *
Kaş bir daha bir gün sonra dünyayə gələydim,
''Kimlər'' sualın cavabını, baxıb biləydim.
* * * * * *
Əslindəsə ən doğru cavab məncə bucürdü,
Hər kim duyacaqdırsa cənazə var, hüzürdü.
* * * * * *
Hərkəs gələr və şad olaram qəbirdə ruhən,
Vacibdi müsəlmanlara bəsliyək hüsnüzənn,
* * * * * *
Çünki bu hədisdir ki, müsəlman üzərində,
Var müsəlmanın altı haqqı, yerli-yerində.
* * * * * *
Bir haqqı da iştirak eyləməkdi dəfində,
Bu haqqı verib, biz duraq haqqın tərəfində.
* * * * * *
Hər dərdə dəva vardır, hədisdir əbədiyyən,
Yox tək ölümün çarəsi dünyadə qətiyyən.
* * * * * *
Hər bir kəs üçün vardır ölüm, nəticə birdi,
Dünya evinin sonuncu mənzili qəbirdi.
* * * * * *
Bir nəsihətlə gəlib çıxdı qəsidəm sona,
Etmişdi bunu Həzrəti Loğman öz oğluna.
* * * * * *
Hərgahi şübhə edirsənsə ölümnən, ey qul.
Yatma gecələr, qal yuxusuz zülümnən ey qul.
Abdullah b. Rəvaha