Skip to main content


Saniyələr, dəqiqələr

Dövr edir axşam və səhər saniyələr, dəqiqələr.

Bizi aparır məzarə hər saniyələr, dəqiqələr.

 

Qiyamətdə çoxu deyəcək, haqqı eyliyərək dərk:

"Kaş ki, qucaqlamaz idim fəna mülkünü bərk-bərk.

Saleh əməl edərdim hansı ki, etmiş idim tərk,

Geriyə qayıtsaydı əgər, saniyələr dəqiqələr."

 

Gərək qənaət eyliyək ömür sərfiyatında,

Günlər ötür, hiss eləmir insan öz həyatında.

Dəqiqliklə hesablasaq günün hər saatında,

Vermişik əldən çox hədər saniyələr, dəqiqələr.

 

Yanaşsaq da ömürə qarşı həyatda etinasız,

Amma ömür heç zaman bizə olmayıb vəfasız,

Hətta ölərkən də belə gizli-gizli, sədasız,

Bizi ötürür qəbrə qədər, saniyələr, dəqiqələr.

 

Saniyə qeyri-adi nemət deyilsə bəs nədir?

Qədrini kim ki, bilmiyir ömrü badə sərf edir,

Nə olsun ki, yorulmadan dayanmayır hey gedir,

Bəlkə durdu gələn səfər saniyələr, dəqiqələr.

 

Gəlməmisən bu dünyayə pul-para, bir ton unçün,

Nəzər sal öz əvvəlivə, sonra çalış sonunçün,

Qədrini kimlər ki, bilir hər zamanın, onunçün,

Kəsb edir xüsusi dəyər saniyələr, dəqiqələr.

 

 

Abdullah Qılınc