Skip to main content


Pəncərə

Çox eşitdik ki, həyat pəncərədir,

Hər gələn pəncərədən baxır gedir,

Düşünən yoxdu həmin o pəncərə,

Köhnəlib, çərçivədən çıxır gedir.

 

İnsan övladı açıq pəncərədən,

Baxıb həzz almayanda mənzərədən,

Unudur səbri, elə bir kərədən,

Qaşqabaqla yumruğnu sıxır gedir.

 

Maraqlı ömür sürən gözlərdir,

Həm gülən, həm hönkürən gözlərdir,

Zənn etmə tək iş görən gözlərdir.

Ağız da məşğul olur, tıxır gedir.

 

Kim baxdı, saldı bu dünyayə meyil,

Sən də boylanma çalış veyil- veyil,

Indi seyr eyləməyin vaxtı deyil,

Çün ömür sərfiyatı axır gedir.

 

Gözünlə pəncərədə saxla nizam,

Qayda qanun var, halallarla haram,

Çox təəssüf, əməl etmir çox adam,

Öz əliynən öz evni yıxır gedir.

 

Var idi öncə günəş şüaları,

Qulların çoxaldıqca xətaları,

Qərq etdi qarə bulud səmaları,

Indi şimşək, ildırım çaxır gedir.

 

Həyatda fərqli işi var hərənin,

Gün gələr sakini bu yan-yörənin,

Görərik, baxdığımız pəncərənin,

Yeni bir çərçivəsin taxır gedir.

 

Abdullah Qılınc