Skip to main content


Danışsın


Kimlər ki, bilir qədrini hər bir sözün, hikmətlə danışsın,
Əvvəlcə düşünsün və daşınsın qəti, diqqətlə danışsın.
Insan niyə doymur axı etdikcə hər an nəfsə zülümdən,
Boş-boş danışır, sanki xəbərsizdi gələn ani ölümdən,
Vardır yolu islah eləməkçün özün, Islami elimdən,
Alsın mədəniyyət, danışarkən mədəniyyətlə danışsın.
Boş-boş deyilən sözlərin və cümlələrin faydası olmaz,
Bir vaxtı kəlamlar deyib Peyğəmbərimiz, tərkibi çox az,
Düz, əsli müsəlman gərək alsın özü üçün O'nu obraz,
Hər bir sözü mənadan ibarətlə və ibrətlə danışsın.
Lağ lağ və lüzumsuz danışıqlar ucbatından dili-qafil,
Sözlərdəki mə'naları, hikmətləri bilsin necə cahil?
Çoxdur cihadın yolları, üstün və fəzilətlisi ey dil,
Şah olsa da zalimin hüzurunda cəsarətlə danışsın.
Insan, əsl insanlığı insanlara insan kimi öyrət,
Qur'anda Nəhl surəsi yüzyirmi beşə sal nəzər əlbət,
Allah buyurub elmlə, əxlaqla olur Islama dəvət,
Natiqliyin üslubuna uyğun və nəzakətlə danışsın.
Kim hər sözünü hesaba çəkmişsə, gələr nəfsinə qalib,
Çün, sələf təkcə pulda deyil, sözdə olub güclü mühasib,
Söz səndədirsə sənindi, söylədinsə sözlər sənə sahib,
Əla olar hər kəs sözü sidq ilə, sədaqətlə danışsın.
Abdullah Qılınc