Skip to main content


Şimali Qafqazda İslamın intişarına (yayılmasına) dair

Onu səyahət marşrutu gördüyünüz bu xəritədə qeyd edilmişdir. Asiya, Afrika və Avropanı gəzən əl-Qırnati həm də Azərbaycanda, Dağıstanda və Şimali Qafqazda olmuşdu. Əl-Qırnati 80 yaşında 55 illik səyahət xatirələrini yazılı hala gətirmiş, bir səyahətnamə qələmə almışdı. “Nuxbət`ul-Əlzən fi Əcaib`ul-Buldən” adı ilə tanınmış onun bu səyahətnaməsi Afrika, Avropa və Asiyadakı bir çox xalqların, millətlərin orta əsrlərdəki tarixinə, coğrafiyasına, ictimai-iqtisadi vəziyyətinə dair qiymətli əsərlərdən biridir.

Dağıstan və Şimali Qafqaz xalqlarının İslamı daha gec, XVII-XVIII əsrlərdə mənimsədiklərinə dair yayğın olan mülahizəni əl-Qırnatinin əsərində verdiyi məlumatlar çürütməkdədir. 1130-cu illərin əvvəllərində Dərbəndə olan Əbu Hamid əl-Qırnati bu şəhərin və ətraf vilayətlərin iqtisadi və ictimai həyatı haqqında dəyərli məlumatlar vermişdir. Səyyahın qeydlərindən məlum olur ki, Dərbənd şəri elmlərin tədris olunduğu mərkəz olaraq şimali Qafqaz xalqları arasında İslamın yayılmasında müstəsna rol oynamışdı. Dərbənd əmiri Əbu`l-Qasımın qonağı olduğunu yazan Əbu Hamid əl-Qırnati əmirin onun dərslərində “əl-Muğni” (“Kitabu’l-Muğni” Bağdadlı tanınmış şafi’i fəqihi Əbül-Həsən Əhməd əl-Məhamilinin (978-1024) əsəridir) adlı fiqh kitabını oxuduğunu qeyd edir. O, həmçinin qafqazlı müsəlmanlarının dini elmlərə böyük maraq göstərdiyini də yazır. Fiqh dərslərində müxtəlif dillərdə danışan qafqazlıların iştirak etdiyini qeyd edən Əbu Hamid əl-Qırnati əmir Əbu`l-Qasımın dərslərdə onun üçün tərcümanlıq etdiyini bildirir. Qırnati əmirin ərəbcə, farsca, türkcə ilə yanaşı ləkz (ləzgi), tabasaran, filan, haydaq (qaytaq), qumuq, qalan, sərir, alan (osetin), zərihkəran dillərində də sərbəst danışdığını qeyd etmişdir. Əmirin bacısının evində qonaq ikən qadının qardaşı vasitəsi ilə ona sırf qadınlara aid fiqhi bir sual verdiyini yazan əl-Qırnati sualı cavablandırdıqdan sonra qadının belə bir sualla müraciət etməsinə müsbət münasibətini bildirmiş və Peyğəmbər salləllahu əleyhi və səlləmin

نِعْمَ النساءُ نساء الأنصار، لم يكن يمنعهنَّ الحياء أن يتفقهن في الدين

“Ənsarın qadınları nə yaxşı xanımlardır. Həya (utancaqlıq) onların öz dinlərini öyrənmələrinə mane olmur” hədisini xatırlatmışdı. (Əbu Abdullah Muhəmməd ibn Yəzid İbn Məcə əl-Qəzvini\Sünən\Təharət 642)

Əsər türkcə və rusca ilə yanaşı dünyanın bəzi dillərinə ərəbcədən tərcümə edilmişdir. Azərbaycan tarixinə birbaşa dəxili olmasına baxmayaraq Azərbaycanda tərcümə olunmamışdır.

Dr. Elnur Nəsirzadə