Skip to main content


Aşiqiyəm mən bu Dinin

Aşiqiyəm mən bu dinin əzəldən,
Necə vaz keçərəm namaz kimi gözəldən?
Bizim üçün möcüzələr göndərən
Söylə, Allah bizdən uzaq durarmı?

Gül pis olsa bülbül gülə qonarmı?
O dur desə, onda bu qəlb vurarmı?

Hər işinin icazəsi var inan,
Bil ki geri qayıtmayır bu zaman,
Nə vaxt namaz qılacaqsan, ey insan?
Söylə namaz bir insanı yorarmı?

Gül pis olsa bülbül gülə qonarmı?
O dur desə, onda bu qəlb vurarmı?

Sən hər zaman Allah desən, fikirləş,
Allahı sən uca bilsən, fikirləş,
Sən Allahı təmiz sevsən, fikirləş,
Söylə şeyrab sənə bir an baxarmı?

Gül pis olsa bülbül gülə qonarmı?
O dur desə, onda bu qəlb vurarmı?

O Allahdır, O bizlərə əmr edər,
Ki kafirsən Onu dansan sən əgər,
Uca Allah razı olmasa məgər,
Söylə çaylar, sellər, sular axarmı?

Gül pis olsa bülbül gülə qonarmı?
O dur desə, onda bu qəlb vurarmı?

İsti olar əgər külək əsməsə,
Külək olar Günəş yerə düşməsə,
Allah əgər onu razı bilməsə,
Söylə şimşək öz başına çaxarmı?

Gül pis olsa bülbül gülə qonarmı?
O dur desə, onda bu qəlb vurarmı?

Qeyd: Bu şeir "Allahı Haqqıyla Tanıyaq" adlı Müsabiqəmizin qaliblərindən biri olan "Kamran Karani" tərəfindən yazılmışdır və saytımız tərəfindən yayımlanmışdır.