Skip to main content


Ruzi haqda bir neçə mühüm söz - Onu biz qazanırıq, yoxsa Allah verir?

İnsanın bu dünyadakı yeganə funksiyası ibadət etməkdir. Allah təala buyurur "Mən cinləri və insanları yalnız və yalnız Mənə ibadət etsinlər deyə yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan məni yedirtmələrini də istəmirəm". (Zariyat 56-57)

Mənim indi verəcəyim sualı hər bir müsəlman özü-özünə verməlidir; "Əgər Allah təala bizi ruzi dərdi çəkməklə mükəlləf (cavabdeh) etməyibsə, bəs görəsən mən nəyə görə ruzi dərdi çəkirəm?"

"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərartutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)". (Hud 6)

Ruzini Allah təala verirsə deməli bizim onun dalınca qaçmağımız, oturub dərdini çəkməyimiz lazım deyil. Biz sadəcə dünyada imtahan olaraq və ya etdiyimiz pis əməllərin qaşılığı olaraq ruzinin azlığından sıxıntı çəkə bilərik.

Bəs o zaman ruzimizin çoxalması və ya bu cürə problem və sıxıntıların aradan qaldırılması üçün görəsən hansı addımları atmaq lazımdır? Bir çox sualların cavabı Quranda olduğu kimi bu sualımızın da heç şübhəsiz ki, cavabı müqəddəs kitabımızda mövcuddur. Quran ruzinin artmasının yolunun bilavasitə təqvadan (Allah qorxusu) keçdiyini göstərməkdədir.

Əgər ruzinin çox olmağını istəyirsənsə Allah`dan lazımınca qorxmaq kifayət edər. Necə? Allah təala buyurur:

"Əgər o məmləkətin əhalisi iman gətirib (Allah`dan) qorxsaydılar şübhəsiz ki, Biz onların üzərinə göydən və yerdən bərəkət (qapılarını) açardıq" (Əraf 96)

Müsəlmanların ehtiyacı olan şey isə bir azca hər şeydən uzaqlaşıb bu ayə haqda düşünməkdir. Bəs yaranan sıxıntılar? Quranı mütaliə etsək onların da həllinin bilavasitə Qurandagöstərildiyinin şahidi olarıq.

Allah təala buyurur:

"Kim Allah`dan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allah`a təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir". (Talaq 2-3)

Lakin bəzən insan düşünə bilər ki, bu dəlillərə görə evdə oturum ruzim qapıma gəlsin. Xeyir, əslində bu qədər ayə və hədislər insanın iş həyatındakı uğurunu sırf öz bilik və gücünə deyil, Allahın lütfünə bağlamalı olduğunu göstərir. Əlbəttə ki, biz qazanc əldə etmək üçün çalışacağıq, öz ruzimizi halal alın tərimizlə qazanacağıq. Allah Rəsulu səllallahu əleyhi və səlləm buyurur: “Halal ruzi axtarmaq dini öhdəliklərdən bir fərzdir”. ("Feyzu`l-Qadir" Munavi 2/34 1238). Əgər yuxaridakı ayə və hədislər heç bir iş görmədən Allah`a təvəkkül edib evdə oturmağı nəzərdə tutsaydı, ən birinci Allah Rəsulu səllallahu əleyhi və səlləm və sahabələr belə edərdilər. Lakin onların hər biri öz zəhmətilə çalışmış və yalnız bundan sonra Allah`a təvəkkül edərək işlərinə bərəkət verməsini diləmişlər. “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti görünəcəkdir”. (Nəcm 39-40) Deməli, insan ruzi üçün çox çalışsa da, yalnız hər işində Allah`a təvəkkül etdiyi və Onun qoyduğu halal və haram əmrlərinə əməl etdiyi zaman dünyadakı qazanc sıxıntısından xilas ola bilər.

Bu gün böhran və ya hər hansı problem səbəbiylə maddi sıxıntıda olan kəs, heç zaman Allah`dan ümid kəsməməlidir və “məcburam” deyib faiz, ruzi üçün oğurluq, aldatma və başqa yollara əl atmamalıdır. Səbr edib halal yollara baş vurmaq lazımdır və unutmayaq ki, bizi Yaradan ruzimizi də yazmışdır harada olsa həmin ruzi bizi gəlib tapacaqdır. Peyğəmbər səllallahu əleyhi və səlləm buyurur: "Ey insanlar! Allah`dan qorxun və ruzi tələbində ədalətli olun. Çünki ruzi geciksə belə (ruzinin) hamısını əldə etmədikcə heç bir nəfs ölməyəcəkdir. O halda ruzi tələb edərkən Allah`dan qorxun və istəməkdə də mötədil olun. Halal olanı alın, haram olanı tərk edin. (İbni Macə 2144, Beyhaqi 10404)

Quranın bizə göstərdiyi bu incilərin hər biri haqqında düşünməyə və bu həqiqətləri dərk etməyə ehtiyac duyduğumuz məsələlərdir. Odur ki, fikirlə, dərdlə bir şey əldə etmək mümkün olmadığı kimi qiyamət günü də bu etdiklərimiz üçün peşman olarıq. Vəzifəmiz olmayan bir məsələyə görə bu qədər baş yormaqdansa sadəcə bir anlıq gözlərimizi yumub "Allah" demək və səmimi qəlbdən Ona arxalanmaq bizə bu dünyada kifayət edər və artıq da gələr.