Skip to main content


Rububiyyə tövhidi

       Qurani Kərimdə Rububiyyə tövhidinə aid xeyli ayələr misal vermək olar, bəziləri bunlardır:  «Həmd olsun Allaha — aləmlərin Rəbbinə».[1] ). «Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan odur. O, hər şeyi biləndir[2]  «Göyləri və yeri xəlq edən zülmətləri və nuru yaradan Allaha həmd olsun».[3]

     Tövhidin bu növünü hətta Məkkə dövrünün müşrikləri  belə qəbul edirdilər. Onlar bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən uca və böyük olan Allahdır.  İbn Abbas radıyallahu anh demişdir: “Müşriklərin inamı belədir ki, onlar­dan: “Səmanı kim yaradıb?”, “Yeri kim yaradıb?”, “Dağları kim yaradıb?”– deyə soruşsan, onlar: “Allah”– deyə cavab verərlər. Lakin bununla yanaşı Allaha şərik qoşarlar.” Bu barədə müqəddəs Quranda belə buyurulur: “De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən də ölü çıxaran kimdir, hər şeyi səhmana salan kimdir? Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?“ [4] “…De ki: «Əgər bilirsinizsə hər şeyin hökmü əlində olan, himayə edən, amma özünün himayəyə ehtiyacı olmayan kimdir?» Onlar mütləq: «Allahındır» deyə cavab verəcəklər. Sən de ki: «Bəs elə isə nə üçün qaçırsınız?”[5]

       Gördüyünüz kimi, bu şeyləri müşriklər də rədd etmirdilər. Bunun belə olmasına səbəb qulların qəlbləri fitrətdən yeganə Rəbb olanı qəbul edəcək şəkildə yaradılmış olmalarıdır. Uluhiyyət, İsim və sifətlərin Tövhidindən fərqli olaraq Adəm oğullarının fitrətdən, qəlbdən qəbul etdikləri Tövhid də elə Rububiyyə tövhididir. Allahın elçilərinin göndərilməsinin qayəsi də sadəcə bu olmamışdır. İnsan Üluhiyyə tövhidinin tələblərinə əməl etmədən Allaha tam iman etmiş olmaz. Eyni ilə bu gün də əgər bir şəxs “Allah vardır” deyər, lakin Allaha ibadət etmirsə, və ya dualarında övliya, saleh şəxslərin ruhuna üz tutmaqla, Allaha yaxınlaşdığını deyərsə deməli Allahın əmrindən çıxmış olar, ona haqqıyla (Uluhiyyə) iman etməmiş olar. 

        Rububiyyə tövhidinin digər göstəricisi Ruzi verənin yalnız Allah olduğunu qəbul etməkdir. Bunun dəlili olaraq aşağıdakı ayələri misal vermək olar.  “De ki, göylərdən və yerdən sizə ruzi verən kimdir? (əgər onlar sənə bilmirik cavab versələr) de ki, Allahdır. Elə isə doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz”.[6]Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (Qiyamət günü) dirildən məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edən varmı?.”[7] Əbu Abdurrahmən Abdulla b. Məsud radıyAllahu anhu  rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah  səllAllahu aleyhi və səlləm  buyurdu: «Sizdən hər birinizin yaradılışı onun anasının qarnında qırx gün nütfə şəklində olaraq bir yerə gətirilir. Sonra bu müddət qədər qan pıxtısı şəklində olur. Sonra yenə bu müddət qədər ət parçası şəklində olur. Sonra ona bir mələk göndərilir, mələk ona ruh üflədikdən sonra dörd xüsusiyyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını[8].

      Gəlin məntiq və ağılla düşünək. Biz bağda, bostanda və tarlalarda meyvə-tərəvəz yetişdirir, taxıl əkirik. Lap deyək ki, toxumu yerə biz səpirik və şumlayırıq, ağacları biz budayırıq. Lakin eyni torpağa əkdiyimiz ağaclardan fərqli meyvələrin yetişməsinə, suyun ağaclar və taxıl zəmilərinin köklərilə udularaq bəhrə verməsinə təsir edə bilmirik. Həyati əhəmiyyətli yağışın yağmasına da biz etmirik, bu yağışla taxılı biz bitirmirik. Təbii ki, bir nizam olmasa yer üzündə bu qədər nemətlər “öz-özünə” yetişməzdi. Allah Quranda buyurur: “Bəs əkdiyiniz toxuma nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa biz? Əgər biz istəsəydik onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb: «Biz ziyana uğramış, bəlkə də məhrum olmuş kimsələrik deyərsiniz? Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz yoxsa biz? Əgər istəsəydik, onu acı bir su edərdik. Elə isə niyə şükr etmirsiniz?[9]. Unutmayaq ki, biz diri olduğumuz halda bu şeyləri edə bilmiriksə, dünyasını dəyişmiş hansısa övlüya, seyyid vəya imam da bunu edə bilməz. Çünki onları da bizi də Yaradan vardır, onlar da vaxtilə Allahın bəxş etdiyi ruziyə möhtac olublar. Belədirsə onlara da bizə də Ruzini bəxş edən Allaha üz tutmalı, ehtiyaclarımızı ondan istəməliyik. Hər şeyin hər kəsin Allaha möhtac olduğunu bilmək Rububiyyə tövhidinin digər anlamıdır. Hər işin sonu ona dönəcəkdir. Allah heç kimsəni yaratmazdan əvvəl də Rububiyyət sifətlərinə sahibdir.

       Allah yaratdıqlarını onlar öldükdən sonra da onları yoxdan yaratdığı kimi elə də dirildəcəkdir. Allah qullarını yenidən yaradaraq öz dərgahına toplayacaqdır. “Məgər o, tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, biri qadın olmaqla iki cift yaratdı. Elə isə O — Allah ölüləri diriltməyə qadir deyildirmi?[10]

      Son olaraq, unutmayaq ki Allah bizi boş-boşuna yaratmamışdır. Bütün dünya nemətlərinin yaranma məqsədi varsa-yəni Adəm övladının istifadəsi üçün yaradılmışdırsa, aləmdə yaradılmışlara daxil olan insan da bir məqsədlə yaradılımışdır. Bu məqsəd isə Allahı haqqıyla tanımaq, ona ibadət etmək, Onun dinini yer üzündə üstün etmək üçün malı, canı və elmiylə çalışmaqdır. Bu barədə Allah Qurani-Kərimdə buyurur: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz». (əl-Muminun 115). “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.[11]

     Allah cəllə cəlaluhu bizi Ona ən doğru şəkildə iman edənlərdən etsin. Amin!

Qaynaqlar

 

[1] əl-Fatihə 1.

[2] əl-Bəqərə 29. 

[3] əl-Ənam 1.

[4] Yunus 31- 32

[5]  əl-Muminun 84-89.

[6] Səba 24).

[7] ər-Rum 40.

[8] Buxari, Müslim

[9] əl-Vaqiə 63-70

[10] Qiyamı 27-40

[11] Zariat, 56