Tənqid, yoxsa təhqir?
Qarşı tərəfi təhqirə yol vermədən tənqid edə bilmək üçün ilk öncə həmin şəxsin dini, siyasi, ənənəvi və s. dəyərlərini incələmək lazımdır. Məsələn, inək mənim üçün sadəcə süd verən, lazım gəldikdə kəsilib əti yeyilən, mələyən bir heyvandır. Lakin hindistanlı bir bütpərəst üçün bunun mənəvi dəyəri olduğu üçün mənim inək haqqında irəli-geri danışmağım nəinki onun xətrinə dəyər, hətta buna görə mənə müharibə də elan edər. Eyni şeyi müsəlmanlar haqqında da demək mümkündür. Muhammədin (Allahın Salat və Salamı onun üzərinə olsun) Allahın elçisi olduğuna adından çox əmin olan, 1400 ildir onun yolunda canını, malını və ailəsini fəda etməyə hazır olan bir kütlənin və ya sadəcə bir şəxsin qarşısına çıxıb, "Muhamməd belə idi, Muhamməd elə idi" demək bir qeyri-müsəlman üçün sadəcə tənqid ola bilər. Lakin tənqid prizmasından yanaşıldıqda bu cür "tənqid"i yalnız "öküzsayağı tənqid" hesab etmək olar. Belə ki, ədəbi tənqidçi olmaq üçün ədəbiyyatı, siyasi tənqidçi olmaq üçün siyasəti, musiqi tənqidçisi olmaq üçün musiqini mükəmməl bilib, düzgün təhlil aparma üsullarına peşəkarcasına bələd olmaq lazımdır. İslamı və onun peyğəmbərini (Allahın Salat və Salamı onun üzərinə olsun) tənqid etməyə cəhd edən bu şəxs tənqid etməyə cəhd etdiyi hədəfləri əvvəlcədən öyrənməyə, təhlil etməyə çalışsaydı, onun bu cür üslubunun həqiqətən təhqiramiz olduğunu anlayardı.
Beləliklə, bir kütlə, yaxud bir camaat əgər hər hansısa məfhumu və ya şəxsiyyəti tənqidə açıq olmayan bir dəyər kimi qəbul edirsə, onların dəyər verdikləri o məfhumu və şəxsiyyəti müzakirə etmək üçün düzgün üslub seçmək vacibdir. Əks təqdirdə normal müzakirə heç vaxt baş tutan deyil. Ən yaxşı halda bir-birinizi pis söyüşlərlə söyə-söyə ayrılacaqsınız.