İctimai vəzifənin dərk edilməsi
Yaşanmış həyat təcrübəsindən ibrət almaq və gələcəkdə daha doğru addım atmağa çalışmaq normal insana xass olan bir xüsusiyyətdir. Bizim ölkəmizdə artıq 30 ilə yaxındır ki, din, yəni islam müxtəlif təqdimatlarda yayılmışdır. Bu illər ərazində onun yayılması bir çox insanın şəxsi həyatında mühüm rol oynaya bilmişdir. Müsbətlərlə yanaşı islam və dindarlar ətrafında problemlər də əmələ gəlmişdir. Çünki cəmiyyətimiz bir dinin müxtəlif təqdimatları ilə üzləşmişdir. Hər bir təqdimatın da özünəməxsus dini kütləsi formalaşmışdır. Qeyr-dindar kütlə üçün dindarlar bəzən nümunə, bəzən narahatlıq, bəzən qeyri-müəyyənliklə assosasiya olunmuşdur.
Dindarlar və cəmiyyətin digər qismi arasında qarşılıqlı münasibətlərin şəkli və forması əlbəttə ki, cəmiyyətin inkişafına ciddi təsir edə bilən amildir. Belə olan halda hesab edirəm ki, dindar öz ictimai vəzifəsini dərk etməlidir. Danılmaz həqiqətdir ki, dindarla da az səhvlər etmədi, dindarlara qarşı da az səhvlər olmadı. Sadəcə olaraq dindarlar ictimai vəzifələrini düzgün dərk etsələr, demirəm problemlər tamamilə ortadan qalxar, amma kifayət qədər azalar.
Hesab edirəm ki, dindarın ilk ictimai vəzifəsi kütləyə təhlükəsizlik zəmanəti verməsidir. Son zamanlar müxtəlif media qurumları, bəzi hallarda bəzi dindarların fəaliyyəti kütlədə dindara qarşı güvəni azaltmışdır. Dinlənilməsini istəyən dindar kütləyə mütləq bir təhlükəsizlik zəmanəti verməlidir. Təhlükəsizlik zəmanətinin verilməsi dindarın öz dəyərlərini güzəştə getməsi deyildir. Təhlükəsizlik zəmanətinin erilməsi istənilən sağlam müzakirə mühitinin formalaşması üçün əsasdır. Çünki dindarın başlıca vəzifəsi təbliğdir: “Sən ancaq qorxudub xəbərdar edənsən.” (Fatir, 23). Təhlükəsizlik zəmanəti insanların canı, malı, namusu, ağlı və dini üzrə verilər. Bu zəmanəti səndən alan şəxs əlbəttə ki, səni dinləyəckdir. Onun sənin dediklərini qəbul edib etməməsi onun işidir. Sən ona heç bir şeyi əzib büzmədən olduğu kimi deyəcəksən, necə ki, peyğəmbərlər dedi. Dəyərlərini bütün açıqlığı ilə ortaya qoyacaqsan. Allaha bağlanmanın xilas, Ondan uzaq durmağın fəsad olduğunu bildirəcəksən.
Təhlükəsizlik zəmanətini hər bir dindar ayrılıqda və dindarlar bir toplum olaraq verməyə borcludurlar. Bu onların Allah qarşısında olan borclarıdır. Bir tacir dindar müştərisinin pulunu yalanla, dolanla almağa çalışacaqsan, bilsin ki, təhlükəsizlik zəmanətini pozmuşdur. Bir müsəlman usta evi tikərkən məsuliyyətsiz olmuşsa bilsin ki, təhlükəsizlik zəmanətini pozmuşdur. Bu siyahını çox uzatmaq mümkündür. Ona görə dindarlar bu məsələlərdə kifayət qədər diqqətli olmalıdırlar. Və heç bir vəchlə ölçünü pozmamalıdırlar. “(Əşyaları) tərəzidə insafla çəkin və çəkini əskiltməyin.” (Rəhman, 9).
Təəssüf ki, bəzən dindarlar imanlarının azalan dövründə dünyavi işlərə elə hərislik göstərir ki, onların axirətə iman etdiklərinə şübhə edirsən. Sonra da ətrafdan narazılıq edirlər. Dünyaviləşmə fitnəsi imandan edər.
Dindarın digər bir vəzifəsi təmənnasızlıq zəmanəti verməsidir: “Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Kitab) aləmlər üçün yalnız bir xatırlatmadır”. (Ənam, 90). Bu məsələdə xüsusi ilə daha dindar görünən, təbliğ işinin başında dayananlar diqqətli olmalıdır. Dindar öz zəhməti ilə qazanmağa çalışmalıdır, Allahın yazdığı ruzini. Bunu etdikdən sonra qazancı onu kasıbçılıq və yoxsulluqdan çıxarmazsa digərlərinin ona yardım etməsi vacibdir. Ancaq dindar asanlıqla sərvətə meyl edən tiplərdən olmamalıdır. Dindar istər geyimdə, istər evdə sadəlik və səliqəlilik meyyarlarına diqqət etməlidir.
Dindarın digər bir vəzifəsi ictimai faydalı işlərdə mərkəzdə olmasıdır. Bu işlər onun etiqadını zədələmirsə, əxlaqına ziddi deyilsə insanın fitrətinin dəstəklədiyi gözəl işlərdə geri qalmamalıdır. Rasulullah bir zaman “hülf el fudul”dan geri qalmadığı kimi.
Bunlar qayə deyil, üslübiyyətdir. Amma üslubiyyət qayə qədər mühümdür. Üslubiyyətin yanlışlığı qayəni məhv edə bilər.
Özəl qələmdən..