Skip to main content


Qurbanlıq heyvan seçimindəki şərtlər

Biz hər bir ümmətə qurban kəsməyi lazım bildik ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver! (Həcc 34)

Bu ayədən də göründüyü kimi qurban kəsmək Allahın bütün ümmətlərə əmridir. Çünki Qurban sözünün mənası yaxınlaşmaq deməkdir. Yəni Allah bizim ona yaxınlaşa bilməmiz üçün bu əməli bizə bəxş etmişdir. Allaha yaxınlaşa bilməyimiz üçün isə kəsəcəyimiz qurbanlıq heyvanı düzgün seçməyimiz vacibdir. Qurbanlıq heyvanlarda aşağıda qeyd olunan şərtlərin olması lazımdır:
Birinci şərt: Qurban kəsiləcək heyvan dəvə, inək və qoyun (keçi) olmalıdır. Adı çəkilən heyvanlardan başqası (toyuq, xoruz və s.) qurban kəsilə bilməz.

İkinci şərti: Heyvanın müəyyən yaşa çatmış olması lazımdır. Yəni qoyunların altı ayı, inəyin iki yaşı, dəvənin beş yaşı, keçinin bir yaşı olması lazımdır.

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Dinə görə müəyyən bir yaşa çatmış heyvandan başqa bir heyvanı qurban kəsməyin, lakin tapa bilməsəniz, altı aylıq qoyunu (qurban olaraq) kəsə bilərsiniz”. (Müslim) 

Üçüncü şərt: Qurban kəsiləcək heyvan qurban olaraq kəsilməsinə mane olacaq nöqsanlardan uzaq olmalıdır:

  1. Bir və ya iki gözü kor olan, gözləri qırpılan, gözləri düymə kimi çıxan və ya açıq-aşkar kor olduğuna dəlalət edən əlamətin; yəni gözlərinin ağ olması.
  2. Xəstəliyinin nişanəsi üzərində açıqca görünən heyvanlar. Bu xəstəliklərə misal olara heyvanın ağır bir qızdırma xəstəliyinə tutulmasını, xəstəliyin onun otlamağına mane olmasını, onu iştahdan kəsməsini, ətini zay edən və ya ətinin sağlamlığına təsir edən bir xəstəliyə tutulmasını, bədənində sağlamlığına təsir edən dərin bir yarası olmasını göstərmək olar.
  3. Sürüdəki sağlam heyvanlarla birlikdə yeriməsinin yaxud onlara çatmasının qarşısını alacaq qədər topal olması.
  4. Sümüklərdə ilik olmayacaq qədər xeyli zəifləmiş olması.

Bəra ibn Azib radiyallahu anhudan rəvayət edildiyinə görə Allah Rəsulu salləllahu əleyhi və səlləmdən qurbanlıq heyvanların hansından uzaq durmaq lazım olduğu barədə soruşdular. O əli ilə işarə edərək belə buyurur: “Dörd sinif heyvan qurban kəsilməz; topallığı açıq şəkildə bəlli olan, gözlərinin korluğu açıq şəkildə bəlli olan, xəstəliyi açıq şəkildə bəlli olan və əti qalmayacaq qədər yaşlı olan. (Malik)

Aşağıdaki qüsurları olan heyvanların da qurbanlıq olaraq kəsilməsi keçərli olmaz:

  1. Həddindən çox yeyib qarnı şişən heyvan, təhlükəsi keçincəyə qədər gözlədilməlidir.
  2. Çətinliklə balalayan heyvan təhlükəsi keçincəyə qədər gözlədilməlidir.
  3. Boğulma və ya yüksək bir yerdən düşməsi nəticəsində ölüm təhlikəsi keçirən heyvan ölüm təhlükəsi keçincəyə qədər gözlədilməlidir.
  4. Kəsiləcəyi yerə gedə bilməyəcək qədər yeriməkdən aciz olan heyvan.
  5. Ön və ya arxa ayaqlarından biri və ya hər ikisi kəsik olan heyvan.

Dördüncü şərt: Qurbanlıq heyvanın qurban kəsəcək şəxsə aid olması, qurban kəsəcək şəxsin, qurbanlıq heyvanı kəsməkdə din baxımından icazə verilən biri olması və yaxud qurbanlıq heyvanın sahibi tərəfından ona icazə verilməsi lazımdır. Məsələn qəsb edilmiş, oğurlanmış və ya batil bir iddia ilə əldə edilmiş (məs, haqq etmədiyi mirası məhkəmə yoluyla zorla alması) bir heyvan qurban olaraq kəsilərsə, keçərli olmaz. Çünki günah işləyərək Allah təalaya ibadət etmək, keçərli deyil.

Beşinci şərt: Qurban din baxımından müəyyən edilən vaxtda kəsilməlidir. Bu vaxt isə, bayramın birinci günü bayram namazından sonra başlayır, təşriq günlərinin son günü olan Zilhiccə ayının 13-cü günündə günəşin batmasıyla sona çatır. Beləliklə qurban kəsməyin müddəti  4 gün olur. Yəni, bayramın 1-ci günü bayram namazından sonra başlayır, üç gün sonrakı gündə bitir. Hər kim, bayram namazından öncə və ya Zilhiccə ayının 13-cü gününün günəş batmasından sonra qurbanını kəsərsə, qurbanı keçərli olmaz.

Cundub ibn Sufyan əl-Bəcəli radiyallahu anhudan rəvayət olunduğuna görə o belə demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləmin bayramın birinci günü belə dediyinə şahid oldum: “Kim, namaz (bayram namazını) qılmazdan öncə qurbanını kəsmişsə, onun yerinə başqa birini qurban olaraq kəssin. Kim də qurbanını kəsməmişsə, qurbanını kəssin”. (Buxari)

Nubeyşə əl-Huzəli radiyallahu anhudan rəvayət olunduğuna görə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Təşriq günləri (Zilhiccə ayının 11-ci,12-ci və 13-cü günləri) yemək, içmək və Allah`ı anmaq günləridir”. (Müslim)

Lakin qurban kəsəcək şəxsin hər hansı bir qüsuru olmadan, qurbanı qaçıb gedər və qurbanını təşriq günlərindən sonra tutar və ya qurbanını kəsməsi üçün birisini vəkil təyin etdikdən sonra vəkil olan şəxs onun qurbanını təyin edilən günlərdə kəsməyi unudarsa, üzründən dolayı vaxtı çıxdıqdan sonra qurbanı kəsməsində bir problem yoxdur. Həmçinin bir şəxs bayram namazına gedə bilməyib yatıb qalar və ya unudarsa, yuxudan oyandığı və ya xatırladığı zaman qurbanını kəsər.

Qurbanı, dinə əsasən müəyyən olunmuş günlərin gündüz və gecəsində kəsmək olar. Lakin gündüz kəsmək daha fəzilətlidir.

Bayramın birinci günü ikinci xütbədən sonra qurbanı kəsmək daha fəzilətlidir. Qurban kəsmək, xeyirli işə  tələsmək olduğu üçün, bir öncəki gün, bir sonrakı gündən daha fəzilətlidir. (Muhəmməd ibn Saleh əl-Üseymin, “Əhkamu`l-Ədhiyə və`z-Zəkət kitabı)

Son olaraq bildirək ki, qurban kəsəcək olan şəxs Həccdə olan hacılara bənzər şəkildə Zil-Hiccə ayının 1dən qurban kəsəcəyi günə qədər saçını, dırnağını kəsməməsi, bədənindən tük əksiltməməsi sünnətdir.