Cənnətə tələsən gəncin xüsusiyyətləri
Adəm əleyhissalamdan Muhamməd salləllahu əleyhi və səlləmə qədər bütün peyğəmbərlərin dövründə gənclər İslamın dirəyi, Allah`ın nurunun yer üzünə yayılmasında mühüm rol oynamışlar. Gənclər enerjili, həvəsli olduqları, fitrətləri daha çox təmiz qaldığı üçün İslamın bayrağını daşımağa daha çox istəklidirlər. Allah təala iman ruhlu gəncləri xüsusilə tərifləmiş və onları Ərşin kölgəsiylə müjdələmişdir. Bəs bu gənclər kimdir, belə gənclərin xüsusiyyətləri nələrdir? Bu xüsusiyyətləri aşağıdakı kimi sadalaya bilərik:
- “Lə iləhə iləllah” deyər və bu kəlimənin içərisini doldurar.
Allahı Rəbb, İslamı din, Muhamməd salləllahu əleyhi və səlləmi peyğəmbər olaraq bilər və hər nə olursa olsun bunlara təslim olar. İmanının əldən çıxmağından – atəşə düşməkdən daha çox qorxar. Daima imanını qorumaq üçün narahatlıq keçirər.
- Namazı dinin dirəyi olaraq bilər.
Namazı vaxtında, xuşu içində, fiqhinə uyğun olaraq qılar. Namazda olmaq onun üçün Rəbbinin hüzurunda olmaq, Onunla bərabər olmaq kimidir. İlk cərgədə durmağa və imamla ilk təkbiri gətirməyə can atar. Namazı imanın əlaməti olaraq bildiyi üçün, bir tək vacib namazı belə qaçırmağa dözə bilməz. Səfərini, ticarətini, ziyarətini və bütün həyatını namaza uyğunlaşdırar.
- Quranı Rəbbinin əmanəti olaraq görər.
Onu oxuyub anlamağa çalışar və anladığı ilə də əməl edər. Onu şəhər-şəhər, kənd-kənd, bacardığı hər kəsə yaymağa çalışar. Quranın əzəmətinə heyran olar. Onunla ruhən doyar, rahatlıq tapar. İşlərini və həyatını Quranla ölçər.
- İxlaslı olar.
Etdiklərini Allah təala üçün edər. Kimin nə deyəcəyinə deyil, Rəbbinin necə hökm verəcəyinə baxar. Sünnətə uyğun olan nədirsə, onu araşdırıb incələyər, niyyətə önəm verər, daim niyyətini təmizləyər və səmimiyyətini qoruyar.
- Ana və atasının xidmətində durar.
Rəbbi ona valideynlərinə itaət etməyi əmr etdiyi üçün, valideynlərinin qayğısına qalmağı, onlara xidmət etməyi Allah`ın rızasına gedən bir yol bilər. Onlardan bezməz, yorulmaz. Heç kimsəni onlara tərcih etməz. Özünü onların duasına möhtac hiss edər. Lazım gələrsə yeməz, amma onları yedirər, yatmaz amma onları yatızdırar.
- Əxlaqlı olar.
Heç kimə kin bəsləməz. İnsanları Yaradandan ötrü sevər, hörmət edər. Qapı döyməyindən, oturub-qalxmasına kimi bütün işlərində nəzakətlidir. Peyğəmbər salləllahu əleyhi və səlləmin sünnətinə tabe olaraq yaşayar. Salam verər, salamı alar. Qonaq gedib, qonaq qəbul edər.
- Xarici görünüşü ilə hər kəsə örnəkdir.
“Allah təmizdir, təmiz olanı sevər” – hədisini əsas götürərək hətta paltarı köhnə olsa belə təmiz geyinər. İsraf və göstərişə yol verməz və əsla lovğalanmaz, hər şeyi yerli-yerində edər.
- Vaxt, onun üçün çox dəyərlidir.
Hər dəqiqəsi Cənnət qazanmağa vəsilə ola biləcəyi üçün vaxtını sərf etdiyi fəaliyyətlərə qarşı çox diqqətlidir. Su və yeməyi israf etməkdən çəkindiyi kimi vaxt israfından da çəkinər.
- Evlərinə qarşı da laqeyd deyillər.
Yerinə yetirdiyi vəzifələri, işi – xidməti nə qədər böyük olursa olsun, evinin onun ilk hesab verəcəyi yer olduğunun şüurundadır. Ailənin, övladların yetişməsi və təqva üzərinə yaşamaları üçün səy göstərər.
- Həyatı balanslıdır.
Dünyanı əldə etmək üçün çalışdığı halda axirəti unutmadığı kimi, axirət üçün həddən artıq çalışıb (tərki-dünya olub) dünyasını da pərişan hala salmaz. Allah`ın bəxş etdiyi nemətləri gözəl şəkildə istifadə edər, lakin bu nemətlərin və texnoloji inkişafın əsiri olmaz. Yeyib-içib şükr edər. Yatar, eyni zamanda sübh namazını qaçırmaz. Dərdi dünya olmaz, lakin öz ehtiyacını özü qazanıb təmin edər, başqalarına möhtac olmaz.
- Sünnət onun həyat tərzidir.
Misfaq, saqqal, dırnaqların vaxtında tutulması, ətir istifadə etmək, təmiz geyim, gördüyü işlərində öncə sağdan başlamaq və s. Peyğəmbər salləllahu əleyhi və səlləmin sünnətində nə öyrəndi, nə bildisə onu həyat tərzi olaraq qəbul edib bacardıqca həyatına tətbiq edər, bu cür yaşamağı şərəf bilər.
- İstiğfarı əsla unutmaz.
Gecə-gündüz daim bağışlanma diləyər. Günahı ağır bir yük kimi daşımamaq üçün dili və qəlbi istiğfara davam edər. İstiğfarında da səmimidir.
- Qohum-əqrəbasına qarşı diqqətlidir.
Qohum-əqrəba haqqının qorunmasını Allah`ın əmri olaraq bilər. Yaxınlıq dərəcəsinə görə hər yaxına diqqət göstərər. Onlardan birinin möhtac durumda qalmaması üçün də, dinsiz-imansız qalmaması üçün də çalışar.
- Qorxu ilə ümid arasındadır.
Rəhməti qədər əzabı, əzabı qədər də rəhməti olduğunu bilib orta bir yol tutaraq Allah`a qulluq edər. Günahlarının onu həlak etməsindən qorxduğu kimi, Allah`ın Rəhmətindən də əsla ümidini üzməz.
- Allah`dan məmnundur.
Allah ona nə verib nəyi almışsa buna rıza göstərər. Övladının olub-olmaması və ya ailə vəziyyətinə, ruziyə, səhhətinə, dərdlərinə razı olar. Allah`a üsyan etməməklə birlikdə bu dərd və sıxıntılardan ən gözəl şəkildə çıxış yolu axtarar, çarə və səbəblərə müraciət edər. Əlindəki nemətlərə şükür edər, dara düşdüyü zaman dərhal Allah`a sığınar. “O nə gözəl Mövla, O nə gözəl Yardımçıdır” deyər və rahatlıq tapar.
Suffagah.com