Skip to main content


Əql yoxsa Mənəviyyat

Əqli qabiliyyətlərin inkişafı gözəldir. Ancaq əqli qabliyyətlərin inkişafı mənəvi keyfiyyətlərin yaxşılaşdırılması ilə paralel getməzsə getdikcə insan insanlığını itirir. Bu gün inkişaf etməkdə olan robot düzəltmə fəaliyyəti, süni intellekti bizim qarşımıza qoymaqdadır. Amma birinin canlı olması, insan olması üçün onda duyğuların olması lazımdır. Hisslərin olması zəruridir. 

Hiss və duyğuların şəhvət və ehtiras halına gəlməməsi üçün isə mənəviyyat lazımdır. İstər dindar ol, istərsə də ateist ol fərq etməz hamı həyat təcrübəsindən bilir ki, mənəvi sərhədlər dini mənşədən qidalanır. Din insanları müəyyən mənəvi sərhədləri qorumağa çağırır. Dinin güclü olduğu orta əsrlər dövründə xalqların mental dünyasına daxil olan mənəvi sərhədlər sonralar artıq ictimai davranış halına keçdi. Hətta insanların böyük qismi ibadətləri tək etsə də bu davranış metodları dəyər kimi qaldı! 

Fəqət XVII-XVIII əsrlərdən intensiv inkişafa başlayan kapitalizm və onun doğurduğu sekulyar tərbiyə XXI əsrin əvvəlində mənəvi sərhədləri buxov kimi izah etməyə nail oldu. Mənəvi hüdudları, halal haramı qəbul etməyən ağıl qəlblə əlaqəsini itirmiş olan bir ağıldır. Rəbbimiz bununla bağlı görün nə deyir: “Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır”. Əraf 179

Çox maraqlıdır ki, qəlbin idraka cəlb edilməməsi həqiqəti anlamağın qarşısındakı maneədir. Əqlin qəlblə əlaqələndirilməməsi zamanı isə göz düzgün görməz, qulaq eşitməz. 

Ona görə də bu gün bizə yeni bir tip idxal edilməyə çalışılır. Zahirən ağıllı, ağıllı danışan, insan azadlığı anlayışını bütləşdirən, azad cinsi münasibətləri tərifləyən bir tip. Maraqlısı odur ki, bu tip sosial problemləri dilə gətirir, müxalif fikirlər səsləndirir. O qədər də bəsirətli olmayan sadə insana əslində arxada gizlənən yersiz etinasızlığı yeridir. Adam üçün dəyərlər dəyişir, oğlunun və qızının, həyat yoldaşı və əzizlərinin ifrat azad seçimləri ilə razılaşır. Bununla da milli insan tipi qətl edilir.  

Bunun qarşısına isə ancaq mənəvi tərəfli tip çıxarmaq olmaz. Bu zaman da asosial tiplər əmələ gəlir. 

Bu idxal və işğala qarşı aqil və mənəviyyatlı insan tipi ilə çıxmaq lazımdır.