Səhabələrin Ramazanı 3- Hz Xədicənin ilk və son Ramazanı
Anaların anası olan Xədicə (radiyəllahu ənhə) üzərindən mövzunu anlamağa çalışacağıq. Bu, sadəcə analıq ilə əlaqəli deyil, həmçinin, risalət tarixi, nübuvvət tarixi Xədicə anamızın təsdiq etməsi ilə başladı. İlk iman etmiş qadın... "Ramazan və ana" başlığından onu anlayırıq ki, Ramazan ayların anasıdır, Xədicə də anaların anasıdır. O, analar yetişdirib. Hər iki anadan da biz şəfqət və mərhəmət duyğularını hiss edirik. Həm indi içində olduğumuz Ramazan ayından, həm də 14 əsr öncə yaşamış Xədicə anamızın həyatından müəyyən lazımi mesajları aldığımız zaman ətraf daha da gözəlləşəcək.
Bildiyiniz kimi, əziz qardaşlar, bir Ramazan gecəsi Qədr gecəsində Allah rəsulu (sallallahu aleyhi və səlləm) Hira mağarasında 5 il davam edən o sürəcin sonunda Cəbrayıl (əleyhissalam) ilə görüşdü. Və o ona (sallallahu aleyhi və səlləm) ilk nazil olan - "İqra" - "oxu" ayəsini oxudu. Sonra Cəbrayıl (əleyhissalam) Ələq surəsinin ilk 5 ayəsini vəhy yolu ilə ona çatdırdı. Allah rəsulu (sallallahu aleyhi və səlləm) inanılmaz bir şok, bir qorxu və sarsıntı yaşadı. Çünki vəhy ilə ilk dəfə idi ki, canlı şəkildə muxatab olurdu. Daha sonra da təbii ki, ona vəhy nazil oldu. Sadəcə Cəbrayıl (əleyhissalam) ilə bu ilk görüşməsi digər görüşmələrə bənzəmirdi. Bu, ilk görüşmə çox dəhşətli idi. Vəhyi aldıqdan sonra rəsulullah (sallallahu aleyhi və səlləm) Hiradan çölə çıxdı. Bu zaman hər tərəfdən ona səslər gəlir və hər şey ona "əssələmu aleykə yə Rəsulullah" deyə səslənirdi. O (sallallahu aleyhi və səlləm) Hiradan çıxıb Məkkəyə doğru aşağıya enməyə başladı və orada ona yaxın olan 4 nəfərdən üçünün evini keçərək dördüncüsünə - sonuncusuna doğru irəliləməyə başladı. Bu dörd ailədən birincisi onun yaxın dostu olan Əbu Bəkrin (radiyəllahu ənhu), ikincisi onun əmisi olan Əbu Talibin və o zamanlarda bir din alimi hesab olunan və vəhyin nə olduğunu yaxşı bilən Varaqanın evinə gedə bilərdi. Amma heç birinə getmədi. Öz-özünə fikirləşdi ki, mənə bu halımda kim ən çox təskinlik verər? Kim mənim bu qorxu və sarsıntılarımın aradan qalxmasına ən çox yardımçı olar? Yanına getdiyim zaman halımı ona anlatmadan belə anlayacaq olan kimdir? Qapını açar-açmaz məni qarşısında gördüyü zaman ortalığı qarışdırmadan və ard-arda sözləri bir araya gətirmədən mənim auramı müsbətə doğru dəyişdirəcək kimdir? Bütün bunları düşündükdən sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm) bütün bu özəllikləri bir arada cəm edə biləcək olan tək nəfəri - Xədicə anamızı xatırladı və onun evinə getdi. Qapını çaldı və Xədicə anamız qapını açdı. Allah rəsulu (sallallahu aleyhi və səlləm) tər içində idi. O bir söz demədən rəsulullah (sallallahu aleyhi və səlləm) "zəmmiluuni, zəmmiluuni" - məni örtün, məni örtün deyə çağırmağa başladı. Heç bir etiraz etmədən Xədicə anamız onu yatağına uzatdı, örtdü və dəqiqələrcə, bəlkə də, saatlarca onun yanında gözlədi. Uzun bir müddət sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm) özünə gəldikdən sonra başına gələn olayları ona danışdı. Xədicə anamız da illər öncə elə həmin Məkkədə Həcər anamızın İbrahimə (əleyhissalam) söylədiyi sözə bənzər bir söz söylədi:
"Heç narahat olma, ey Allahın rəsulu! Allah səni rüsvay etməyəcək".
Çünki rəsulullahın (sallallahu aleyhi və səlləm) içində müdhiş bir qorxu var idi. Bu qorxu yalnız belə bir təskinlik ilə aradan qalxa bilərdi. Xədicə anamız da onun bu qorxularına sanki dərman verirdi, onu sakitləşdirməyə çalışırdı...
Allah səni rüsvay etməyəcək və heç narahat olma, qəlbini sıxma deyə ona təsəllilər verirdi. Allah səni rüsvay etməz, çünki sən hər zaman sözün doğrusunu söyləyirsən, möhtac olanların əlindən tutursan, kimsəsizlərə və yetimlərə sahib çıxırsan, heç vaxt sən zalımın yanında olmazsan, hər zaman məzlumun yanında olub zalıma qarşı çıxırsan, sən daim bu cür yaxşılıqlar etmisən, 40 illik həyatın ortadadır. 15 ildir biz bir yerdə yaşayırıq, mən əsla səndən yanlış bir söz eşitmədim, əxlaqa zidd bir hərəkət görmədim. Bütün bunlara görə də, Allah səni rüsvay etməyəcək...
Bütün bunları eşidincə də Allah rəsulu (sallallahu aleyhi və səlləm) təsəlli tapırdı. Ondan sonra da Allah rəsulu (sallallahu aleyhi və səlləm) növbəti 10 il ərzində də Xədicə anamızın bu ilk iqrarının kölgəsi altında həmişə həyat gördü. Xədicə anamız nəsəbli, zəngin, etibarlı və tacir olmasına rəğmən onun (sallallahu aleyhi və səlləm) yanında durdu, ona ilk iman gətirən, onun Allahın elçisi olduğuna ilk şahidlik edən kəs oldu.
Artıq o ilk vəhyin nazil olduğu vaxtdan 10 il keçmişdir. Yenə də Ramazanın 3-cü günüdür və rəsulullahın (sallallahu aleyhi və) sevimli əmisi Əbu Talib dünyasını dəyişmişdi. Yenə də ona təskinlik və təsəlli vermək vəzifəsi Xədicə anamızın boynuna düşmüşdü. Lakin bir neçə gün sonra Xədicə anamız özü də xəstələndi və yatağa düşdü. Allah rəsulu (sallallahu aleyhi və səlləm) çox duyğulanmışdı və göz yaşlarını saxlaya bilmirdi. Qızları da Zeynəb, Ümmu Gülsüm, Ruqiyyə və Fatimə orada idilər. Onlar da ağlayırdı. O (sallallahu aleyhi və səlləm) Xədicə anamızın əllərindən tutaraq dedi:
"Sənə heç rahatlıq verə bilmədim". Xədicə anamız həyatının son anlarında belə ona təskinlik verməyə çalışırdı və deyirdi: "Belə demə. Həyatımın ən gözəl illərini Allah səninlə birgə yaşamağı mənə nəsib etdi. Mən çəkdiyim heç bir sıxıntını, gördüyüm heç bir əziyyəti, yaşadığım heç bir şeyi sənin yanında olduğum üçün özümə dərd etmədim. Bütün bunlara görə də heç üzülmə" deyərək Allah rəsuluna (sallallahu aleyhi və səlləm) təsəlli verməyə çalışırdı. Və beləcə gözlərini yumaraq bu dünya həyatı ilə vidalaşdı."
Xədicə" sözünün hərfi mənası "tez gələn körpə" deməkdir. Erkən gəldi, risalət davasının uğruna ana olmaq üçün bir çox şeyləri erkəndən öyrəndi və bu dünya ilə də erkən vidalaşdı. İnşəAllah ki, Cənnətdə də Allah rəsulunu (sallallahu aleyhi və səlləm) ilk qarşılayıb və salamlayacaq olan da o olacaq. Allahdan diləyirik ki, biz də o məclislərdə yer alaq, həm Allah rəsulundan (sallallahu aleyhi və səlləm), həm də Xədicə anamızdan daha çox faydalanaq. İndi isə, dəyərli qardaşlarım. Ramazan və ana deyə başladıq. Analığın da ilkin əlaməti şəfqət və mərhəmətdir. Təəssüf ki, indi dünya şəfqət və mərhəmətə həsrətdədir. İndi analar övladlarından, övladlar valideynlərindən, dostlar dostlardan, dəvətçilər öz muxatabı olan kütlədən bu duyğuları görə bilmirlər. Şəfqət və mərhəmət nöqtəsində inanılmaz dərəcədə qıtlıq yaşayırıq. Bu gün Ramazanın bir günündə anaların anasından şəfqət və mərhəmət nöqtəsində ümidvaram ki, bir sıra dərslər almış olduq. Allah səhabələrin bizə miras qoyduğu o gözəlliklərdən bizi məhrum etməsin.
Son nəfəsini verərək bu dünyadan köçdü. Hazırda Suriyanın Baysan bölgəsində dəfn olunub. Şəhidlər ölməz, ona görə də deyirik ki, o, orada yaşayır və hələ də bizə bu tövsiyələrini edir.