Skip to main content


İNQİLABİ AYƏLƏR – 3

Şura surəsi 15-ci ayədə Allah (Subhanəhu və Təalə) belə buyurur:

(Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) istiqamət üzərə (səbatlı) ol. Onların (müşriklərin) nəfslərindən gələn istəklərinə uyma və de: “Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir (hərə öz əməlinə cavabdehdir). Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır). Allah (qiyamət günü) hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!” (Şura surəsi, 15-ci ayə)

Bu ayənin mesajını daha yaxşı dərk etmək üçün  bundan əvvəlki iki ayə (Şura surəsi 13 və 14-cü ayələr) haqqında yazılmış olan “İnqilabi ayələr-1” və “İnqilabi ayələr-2” başlıqlı  məqalələrdəki bəzi məqamları xatırlamaq yerinə düşəcəkdir.

Bildiyimiz kimi Şura surəsi Məkkədə nazil olub. Bu surənin 13-cü ayəsində Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) dəvətinin Məkkə müşriklərinə ağır gəldiyi deyilir. Yəni dəvət heç də asan olmayacaqdı. Şura surəsi nazil olduğu zaman Peyğəmbər və səhabələri Mədinəyə hicrət edəcəklərini  bilmirdilər. Buna baxmayaraq növbəti ayədə Rəbbimiz  Elçisinəyəhudi və xristianlardan bəhs edərək Mədinəyə hicrət etdikdən sonra üzləşəcəyi problemlər barədə xəbərdarlıq edir. Yəhudi və xristianların sələflərinin dində parçalanıb, ayrılığa düşdükləri üçün sonradan gələn nəsillərin ( Rəsulullahın dövründə yaşayanların) öz ilahi kitablarında yazılanlar barədə mürib (getdikcə böyüyüb yayılan, insanı şirkə və küfrə salan) bir şübhə içərisində olduqları bildirilir . Xülasə, Rəbbimiz öz elçisi Muhammədə  mükəlləfiyyətinin çox ağır olduğunu, Mədinəyə hicrət etməklə dəvətin asanlaşmayacağını, əksinə məsuliyyətin üzərində olduğu müddətdə (dünyada) rahatlığın olmayacağını bildirir. Sanki Allah Peyğəmbərə bunu demək istəyirdi:”Bəlkə də Nuh (Allahın salamı üzərinə olsun) kimi səni də uzun və məşəqqətli bir həyat gözləyir. İnsanlar o qədər haqdan uzaqlaşıblar ki, sənin dəvətini  çox az adam qəbul edə biləcəyi kimi, heç kim qəbul etməyə də bilər”.

Deyək ki, hər hansı bir işə başlamaq istəyirik.Bu işdə təcrübə qazanmış insanlar  bizi ruhlandırmasalar, daima bacarmayacağımızı desələr, həvəsdən düşərik, elə deyilmi? Bəs müvəffəqiyyət qazanmayacağımızı deyən bizi Yaradan, sonsuz elm sahibi Rəbbimiz olsa necə? Ruhdan düşər, dəvəti tərk edib bir tikə çörəyimizi yeyib, dinc yaşamağı üstün tutarıq, elə deyilmi? Lakin Rəbbimiz elçisi Muhamməddən bunu istəmir. Görün, Allah Elçisinə Şura surəsi 15-ci ayədə nə buyurur:

“(Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et...”

Rəbbimiz :“Sənin xalqın onsuz da düzələn deyil. Ona görə də ticarətinlə məşğul ol, ailəni dolandır, özün üçün yaşa. Qövmün sənə zülm edirsə,Məkkəni tərk et, çıx get başqa diyarda özünə həyat qur”- demədi. Allah :“Bütün bu çətinliklərə baxmayaraq, sən yenə də dəvətlə məşğul ol, bəlkə faydası olar” – da demədi. Bəs bu barədə Rəbbimiz nə buyurdu?  “Buna görə də sən (xalqı tövhid dininə) dəvət et...”-deyə buyurdu. Bəli, məhz BUNA GÖRƏ DƏ. İşlərində həmişə çətinliyə düşürsən? BUNA GÖRƏ DƏ İŞİNƏ ƏZMLƏ DAVAM ET! Çıxılmaz vəziyyətdəsən? BUNA GÖRƏ DƏ SƏYLƏ ÇALIŞ!

İxlas, elm və hikmətdən sonra dəvətçinin  ən mühüm iki keyfiyyəti onun nikbinliyi və əzmkarlığıdır. Əzmkarlıq və nikbinlik bir-biri ilə sıx bağlıdır. Bədbin insandan çalışqanlıq gözləmək əbəsdir. Yaşadığımız dövrdə müsəlmanların arasındakı ən böyük problemlərdən biri elə məhz bədbinlik,bədbinlikdən doğan passivlik və ruh düşkünlüyü,passivlik və ruh düşkünlüyündən doğan acizlik, aşağılıq kompleksidir. Nikbin olmadığımız üçün dilimizdə şükürdən çox şikayət var. “Çətinlik varsa, o çətinliyi aradan qaldırmaq üçün biz varıq. Biz ixlaslı olaq, bir olaq, kollektiv əmək sərf edək, nəticəni müəyyən edən isə Allahdır. Allahın yardımı tamamlayıcı qüvvədir . Biz əlimizdən gələni etdikdən sonra gücümüz çatmayan şeylərdə Allah yardım edəcəkdir” -deyə düşünən yoxdur. Bəziləri futbola baxmaqdan, balet izləməkdən, tennis oynamaqdan zövq alır. Bizsə çayxanada oturub,,stolun üstündəki növbənöv şirniyyatla çayı qurtumlayıb din düşmənlərinin siyasətindən, alimlərdən, cahillərdən, cəmiyyətdən və.s şikayət etməyi bir məşğuliyyətə çevirmişik ..“Gəlin,bir işin ucundan tutaq”-deyiləndə , “Əşi, onsuz da heç nə düzələn deyil . Bütün güc masonların əlindədir” -deyib Allahın gücünü kiçik görürük. Dildə bunu etiraf etməsək belə, davranışlarımızla Allaha olan etimadımızın zəif olduğunu nümayiş etdiririk. Bu cür  yanaşma tərzi isə bədbinliyimizi daha da artırır. Bədbinliyimiz artdıqca daha da acizləşirik.

Görün, daha sonra Rəbbimiz nə buyurur:

“...və sənə əmr edildiyi kimi (bu yolda) istiqamət üzərə (səbatlı) ol.”

Dəvətdə ən mühüm məsələlərdən biri inandığın kimi yaşamaq, insanları dəvət etdiyin dəyərləri əvvəlcə öz həyatına tətbiq etmək və bu yolda əzmlə  çalışmaqdır. Özün həyata keçirib yaşamadığın dinə başqalarını dəvət etməyə çalışsan, heç kim sənə əhəmiyyət verməz və Allah da dəvətindən bərəkətini çəkər. Ayənin davamında Allah  səbat etməyin yolunu bu cür göstərir:

“...Onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma...”

İbn Kəsir (Allah ona rəhmət etsin) və bəzi müfəssirlər bu cümləni “Onların şirk dolu inanclarına meyl etmə” kimi təfsir ediblər. Bu həqiqətən də belədir. Lakin bir məsələ də var ki, muvahhid şirkin içinə birdən-birə yox, şeytanın addımlarını izləyərək, tədricən düşür. Əvvəlcə qarşı tərəf sözünü dinləsin deyə həyat tərzində bəzi dəyişikliklər edir. Daha böyük kütləyə, televiziyaya və s. çıxış əldə edə bilmək üçün həmin kütlənin xoşuna gələcək tərzdə danışmağa, hərəkətlərini ona görə nizamlamağa başlayır. Haqqı olduğu kimi desə, insanların ona qarşı çıxacağını, əlindəki dünyəvi imtiyazları itirəcəyini və ya təqiblərə məruz qalacağını bildiyi üçün Allahın ayələrini, hökmlərini, cahil kütlənin nəfsinə xoş gələcək formaya salmağa başlayır. Sonra iş o həddə çatır ki, artıq haqqı olduğu kimi çatdırmağa çalışan başqa alim və dəvətçiləri dar düşüncəli olmaqda ittiham edib, cahil və müşrik kütlənin yanında dayanır. Bir zamanlar çiyin-çiyinə mübarizə apardığı dəvət yoldaşlarını tənqid atəşinə tutur . Məhz buna görə də Allah Rəsululunun timsalında Rəbbimiz Qiyamətə qədər bütün dəvətçilərə “...Onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma...” ayəsini həyat şüarı etməyi əmr edir.

Daha sonra Rəbbimiz buyurur:

...və de: “Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım...”

Yəni mən özümdən din uydurmamışam. Mənə gələn din (tövhid) məndən əvvəlki peyğəmbərlərə (Allahın salamı hamısının üzərinə olsun) nazil olan kitablardakı (Tövrat, İncil və bəzi peyğəmbərlərə göndərilən səhifələr) dinlə eynidir.

“...Mənə sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur...”

Daima ədalətli olmaq,nə olursa olsun ədaləti qorumaq sadəcə müsəlman liderin deyil,eyni zamanda dəvətçinin də mühüm keyfiyyətlərindən biridir. Ədalət kafirin lehinə, müsəlman qardaşının isə əleyhinə hökm verməyi tələb etsə belə, ədaləti qorumalıyıq.

“...Allah bizim də Rəbbimizdir, sizin də Rəbbinizdir...”

Bütün məxluqatın – insanların, cinlərin, heyvanların, bitkilərin və bütün aləmlərin Rəbbi tək olan Allahdır. İngilislərin rəbbi “god”, ruslarınkı “бог”, hindlərin “krışna” deyil.İnsanlar cahillikdən, Yaradan haqqında yanlış təsəvvürlərindən dolayı Rəbb məfhumunu yanlış qavrayır, nəticədə öz təsəvvürlərinə uyğun ilahlar icad edirlər.

“...Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir (hərə öz əməlinə cavabdehdir)...”

Əksər müfəssirlərə görə, ayənin bu hissəsi əsl bəraət (uzaqlaşma) bəyannaməsidir. Rəbbimiz burada muvahhidlərin əməllərinin müşriklərin əməllərindən uzaq olduğunu bildirir. Kafirun surəsi 6-cı və Yunus surəsi 41-ci ayələr də məna və hökm etibarı ilə sözügedən ayənin bu hissəsi ilə bənzərdirlər.

“...Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur...”

Yəni bizim haqlı olduğumuz göz qabağındadır. Biz sizinlə mübahisə və münazirə etməyəcəyik. Çünki debat, mübahisə, müzakirə, münazirə kimin doğru, kimin yanlış olduğunu aydınlaşdırmaq üçündür.Halbuki, Allahın dininin haqq olduğu Günəş qədər aydındır. Dəvət debat deyil, bəyanatdır. Haqq bəyan olunar. Onun nurundan bir zərrə götürmək istəyənə Allah hidayət verər. Zülmət içərisində hədər olmağı seçənlə isə mübahisə etməyə dəyməz. Bəyanat haqqı car çəkmək deməkdir. Debat isə haqqı batillə eyni səviyyəyə endirib onunla bərabər mövqedə, bərabərhüquqlu şəkildə özünü müdafiə etməyə çalışmaqdır. Həqiqətdə isə haqla batil əsla bərabərhüquqlu deyillər. Haqq ucalmağa, batil isə alçalmağa məhkumdur. Bəyanat haqqı ucaltmaq deməkdir, debat isə haqq və batili bərabərhüquqlu, iki tərəfi də söz sahibi kimi təqdim etməkdir. Demokratiya üçün bu məqbul ola bilər, lakin Allahın hökmü hər şeydən üstündür.

Dəvətçinin bəyanatını dinləməyib, özünü haqq sayan batil mənsublarına Allah belə buyurur:

“...Allah (qiyamət günü) hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!”

Allahın ayələri ilə qane olmayan üçün Platondan, Aristoteldən, Eynşteyndən sitatlar gətirməyə, qəliz fəlsəfi terminologiyadan istifadə etməyə ehtiyac yoxdur. Allahın üslubu Ayətul-Kursi kimi açıq-aydındır. Bəyanatda qəliz terminologiyaya yer yoxdur. Qarşı tərəf hidayətə layiqdirsə, Allah onun qəlbini bu açıq-aydın ayələrə açacaq. Özünü haqq hesab edən batil əhlinə qarşı isə səbrli olmalıyıq. Hər halda axır dönüş Rəbbimizədir. Qiyamət günü O bizi bir yerə toplayacaq və aramızda ədalətlə hökm verəcəkdir.

Qeyd: İnqilabi ayələr-1, 2 və 3-ü bir daha diqqətlə oxumağı, daha sonra haqqında bəhs olunan Şura surəsi 13-14-15-ci ayələrin ərəbcəsini əzbərləyib, namazlarda Fatihədən sonra zəmmi surə olaraq oxumağı,oxuyarkən isə mənaları üzərində təfəkkür etməyinizi məsləhət görürük.

Rəbbim bizləri oxuyub, öyrənib faydalananlardan etsin! Amin!